29 Oktyabr 2019
15:28
747

İlham Əliyev Boris Consonun ticarət elçisi ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

İslahat.az xəbər verir ki, Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı enerji sahəsində Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyri-neft sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu deyib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin genişlənməsində Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu qeyd edib.

Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu deyən Baronessa Emma Nikolson iqtisadi, ticari, mədəni və humanitar sahələrdə əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini bildirib. O, Azərbaycana səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdiyini, Muğam Mərkəzində olduğunu və bu Mərkəzin onda böyük təəssürat yaratdığını deyib.

İslahat.az