21 Sentyabr 2021
15:25
22317

İcra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri müzakirə edildi

"Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib.

İslahat.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

Milli Məclis sədri Sahibə Qafarova deyib ki, hazırda qarşımızda duran mühüm prioritetlərdən biri Ermənistanın törətdiyi vəhşilikləri və digər təxribatları beynəlxalq ictimaiyyətə dolğun çatdırmaqdır.

O, icra və qanunverici hakimiyyət arasında əməkdaşlıqdan da danışıb.

Müvafiq nazirliklərin və dövlət komitəsinin rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə parlamentdə cəmiyyəti narahat edən bir sıra məsələlərin ictimai müzakirələrinin keçirilməsi, ölkəmizdə yeni siyasi konfiqurasiyada dialoq mühitinin möhkəmlənməsinə, siyasi sistemin subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi, parlamentin beynəlxalq fəaliyyətinin daha effektiv həyata keçirilməsi və Azərbaycanın milli maraq və mənafelərinin daha yaxşı qorunması kimi prioritet məsələlər haqqında fikirlərini ifadə edib.

Ədalət Vəliyev isə çıxışında icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi perspektivlərinə toxunub.

Konkret istiqamətlər üzrə xüsusi diqqət yetirilməsi zəruri olan məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

İşin daha yüksək səviyyədə qurulmasına xidmət edən müvafiq təkliflər səsləndirib.

İslahat.az