27 Oktyabr 2020
17:20
1662

Hərbi əməliyyatlarda Ermənistana 2,7 milyard dollar ziyan dəyib (FOTOLAR)

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub.

İslahat.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafiə xərclərinin həcmindən 4 dəfə çoxdur.

"Sentyabr ayının 27-dən Azərbaycan ordusu Ermənistanı hərbi texnika və sursat nəzərindən çox ciddi məğlubiyyətə uğradıb. Belə ki, bu müddət ərzində Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb. Ermənistan 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitədən məhrum edilib. 82 "Qrad” qurğusu, 2 "Uraqan” Yaylım Atəşli Raket Sistemi, bir "TOS” sistemi məhv edilib. Eyni zamanda 4 "TOR”, 40-a yaxın "OSA”, 4 "KUB”, bir ”KRUQ”, 2 "S-125” zenit-raket kompleksləri və qurğuları zərərsizləşdirilib. Həmçinin, 6 "S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir "Toçka-U”, 2 Elbrus əməliyyat taktiki raket kompleksləri məhv edilib. Əlavə olaraq, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb”, - deyə o bildirib.

Bütün sadalanan və sadalanmayan hərbi texnika və sursat 2,7 milyard ABŞ dollarından çox edir.
 
İslahat.az