25 Oktyabr 2021
13:02
21587

Hamilə qadınların vaksinasiyası ilə bağlı AÇIQLAMA

Koronavirusun daha yoluxucu "Delta” ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.

İslahat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Belə ki, son elmi tədqiqatların nəticələrini, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s) vaksinasiya təcrübəsini, ÜST-nin, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi- Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer ("Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir .

Risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer ("Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər.

Qeyd edək ki, hamilə qadınlar peyvənd olunduqda, onların əks göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.

İslahat.az