27 İyun 2019
16:20
1059

Gənclər təşkilatı Gəncədə 10 günlük təlimlərə start verdi (FOTOLAR)

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən həyata keçirilən "Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonu çərçivəsində növbəti 10 günlük təlimlər Gəncə şəhərində davam etdiriləcək.

İslahat.az xəbər verir ki, ilk tədbir Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisində təşkil olunub. Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.

Tədbirin davamında Gənclər üçün Təhsil Mərkəzi (GTM) Gəncə Regional ofisinin,həmçinin marafonun Gəncə şəhərindəki koordinatoru Gülnar Məmmədova Mərkəzin Gəncə şəhərində fəaliyyəti və nəzdində fəaliyyət göstərən klublar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edir.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək.

İslahat.az