14 Mart 2022
12:56
16050

Gəncədən olan şəhid ailələrinin iştirakı ilə Ağdam və Suqovuşan-Talış ərazilərinə səfər təşkil edilib

Gəncə Regional Qadın Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə şəhərində "Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini davam etdirir. Layihənin icra müddəti 01.02.2022-01.05.2022-ci ili əhatə edir.

Əsas məqsəd: sosial-psixoloji maarifləndirmə işlərini aparmaq və dövlət proqramlarına təşviq etməklə şəhid ailələrinin və raket hücumunə məruz qalan şəxslərin reabilitasiyalarına nail olmaq, Qarabağın dirçəldilməsinə və inkişafına cəlb etməkdir.

Bu məqsədə nail olmaq üçün 12-13 mart 2022-ci il tarixlərində Gəncədən olan şəhid ailələrinin iştirakı ilə Ağdam və Suqovuşan-Talış ərazilərinə səfər təşkil edilmişdir.

Səfərin əsas məqsədi Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş oğullarımızın xatirəsini bir daha yad etmək, erməni işğalından azad edilmiş əraziləri ziyarət etməki, erməni vandalizminin izləri, işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən quruculuq işləri ilə iştirakçıları tanış etmək idi. Səfər iştirakçıları Ağdamda Pənahəli xanın imarəti, onların dəfn edildikləri və ermənilər tərəfindən dağıdılan qəbir abidələri, Ağdam Cümə məscidi, Çörək muzeyinin qalıqları, Ağdamın mərkəzində mövcud olmuş abidələrlə, Şahbulaq qalası ilə tanış oldular. Yolboyu dağıdılmış kəndlər erməni vəhşiliyini göstərirdi. Bundan əlavə Ağdamda həyata keçirilən quruculuq işləri barəsində məlumat verildi.

Suqovuşan-Talış ərazisinə edilən səfərdə şəhid ailələrinin üzvləri Suqovuşan və Talış kəndi ilə tanış oldular. Səfər edənlərin hər biri övladlarının şəhid olduğu torpaqda onların izlərini axtarırdılar. Səfərin təşkil edilməsində məqsəd Gəncədən olan şəhidlərimizin izi ilə torpaqları ziyarət etmək, şəhid ailələrinə həmrəylik bildirməkdir.

İslahat.az