29 Noyabr 2021
13:15
22379

Gələn il bu mallar bir qədər də BAHALAŞACAQ

Rusiyada gələn ildən bəzi ərzaq məhsullarının və məişət avadanlıqlarının qiymətində böyük artım gözlənilir.

İslahat.az Rusiyanın "Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bunun səbəbi 2022-ci ildən Genişləndirilmiş İstehsalçı Məsuliyyəti (EPR) konsepsiyasının tətbiq edilməsidir. Yeni konsepsiya süd, şirələr, yağ, qənnadı məmulatları və digər ərzaq məhsullarının istehsalında bahalaşma yaradacaq.

EPR qablaşdırmanın təkrar emalı standartlarının 100 faizə qədər artırılmasını, həmçinin təkrar emal həyata keçirməyən müəssisələr üçün eko-yığma dərəcəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bununla adıçəkilən ərzaq məhsullarının maya dəyərinin 18-25 faiz artacağı güman edilir.

Ərzaq məhsulları ilə yanaşı məişət avadanlıqlarında da qiymət artımı proqnozlaşdırılır. Yeni qaydalar tərkibində qiymətli metallar olan bütün növ qırıntıların və tullantıların ixracına qadağa gətirəcək. Qadağaya görə, müəssisələr öz məhsullarını EPR-ə uyğun olaraq xaric edə bilməyəcəklər, ona görə də onlar eko-vergi ödəməli olacaqlar. Bu qaydaların məişət avadanlıqlarını 15 faiz artırmasına səbəb olacağı təxmin edilir.

Rosstatın məlumatına görə, oktyabrda Rusiyada inflyasiya illik ifadədə 8,13 faiz təşkil edib. Ən çox ərzaq məhsullarının, xüsusən də meyvə-tərəvəz məhsullarının qiyməti qalxıb. Mərkəzi Bankın məlumatına görə, ərzaq məhsullarının bahalaşması bu il məhsulun az olması ilə bağlıdır. Tənzimləyicinin proqnozlarına görə, ərzaq inflyasiyası 2022-ci ilin birinci yarısında artmaqda davam edə bilər.

Qeyd edək ki, Rusiyada qiymətlərin artması Azərbaycanda da istehlak mallarının dəyərinə artırıcı təsir göstərir. Çünki ölkəmizə idxal edilən istehlak mallarının önəmli hissəsi Rusiyadan gətirilir.

İslahat.az