Gənclər
üçün Təhsil Mərkəzi tərəfindən keçirilən "Gələcək üçün” ümumrespublika
marafonu növbəti görüşünü Bakı Mühəndislik , Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin tələbələri ilə keçirib.
İslahat.az xəbər verir ki, "Gələcək
üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata
keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və
prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.
Tədbiri giriş
sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə
qonaqları və tədbir iştirakçılarını salamlayaraq nitqində bildirmişdir ki,
rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş
yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu
istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına
xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan
islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir.
Sonra tədbirin
təşkilatçılarından olan Sənaye Mühəndislik Klubunun sədri Hümmət Abdullazadə
bildirmişdir ki, tələbələrin özünü inkişaf etdirməsi və fərdi təşəbbüsləri
bütün ali məktəblər tərəfindən dəstəklənməlidir. Biz də Sənaye Mühəndislik
Klubu olaraq tələbələrin inkişafı üçün fəaliyyət göstəririk. Bizim uğurlu
tələbə olmağımız uğurlu gənc olmağımız deməkdir. Çünki, biz tələbələr gələcək
üçün vətənimizin faydalı insanları olmalıyıq.
"Gələcək
üçün” ümumrespublika marafonunun təlimçisi, "İnsan Mühəndisliyi” proqramının
rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş
olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və
uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət
proqramını tədris edib.
"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.