09 Yanvar 2021
15:18
16806

Gələcək analara məsləhətim odur ki... - Cərrah mama-ginekoloq Yeganə Əliyeva (MÜSAHİBƏ - FOTOLAR)

Düşünmədən hamilə qalıb, onu abortla sonlandıracaqsınızsa, bu yaxşı hal deyil.

Cərrah mama-ginekoloq Yeganə Əliyeva:
"Əgər hər hansı xanımın üzərində az da olsa əməyim varsa, hansısa bir xanımı məmnun etmişəmsə, özümü dünyanın ən xoşbəxti sayıram. Atalar yaxşı deyib: "Qadın gülərsə, dünya gülər. Mən də istəyərdim ki, bütün bəşər qadınlarının hamısı çox xoşbəxt və üzü gülər olsun. Çünki onları xoşbəxt görəndə özüm də çox xoşbəxt oluram."

İslahat.az xəbər verir ki, müsahibimiz cərrah mama-ginekoloq Yeganə Əliyeva suallarımızdan əvvəl peşəsində xüsusilə cərrah mama-ginekoloq sahəsində öz təcrübələrini bölüşür:

"Həkimliyə çox həvəsim olduğu üçün Azərbaycan Tibb universitetinə qəbul olmuşam. Hər zaman dərslərdə körpələrin dünyaya gəlməsi sevincinə görə mama-ginekoloq sənətini seçmişəm. Bu sənət mənə elə universitetə qəbul olandan maraqlı idi. 3 saylı Sabunçu şəhər klinik xəstəxanasında beynəlxalq təcrübə keçmişəm. Ondan sonra 1997-ci ildə Krasnayar vilayətində klinik ardinaturaya daxil olmuş, 1999-cu ildə buranı bitirmişəm. Bu vilayətdə bir il yarım çalışmışam. Demək olar ki, bütün təcrübəmi burada çalışdığım müddətdə qazanmışam. Ölkəmizə qayıtdıqdan sonra 3 saylı şəhər klinik xəstəxanasının doğum şöbəsində şöbə müdiri və baş həkimin müavini olaraq fəaliyyətimə davam etmişəm. Bundan başqa "Nigar” klinikasında baş həkim, "International” klinikasında isə mama-ginekoloq kimi fəaliyyət göstərmişəm.”

Mama-ginekoloq olmaq üçün təhsildən əlavə hansı təcrübələri qazanmaq lazımdır?

Təcrübə yox, əsas odur ki, hər kəs öz sənətini sevsin. Əgər o sənəti sevirsənsə, özünü o sənətə həsr etmisənsə, artıq sən böyük bir təcrübə qazanmış olursan. Əks halda sən heç bir şeyə nail ola bilməzsən.

Yeganə xanım, bir həkim kimi bu gün hansı qadın xəstəliyi sizi narahat edir?

Son zamanlar demək olar ki, daha çox uşaqlıq boynunun onkoloji xəstəliklərinə rast gəlirik. Bir də yetkinlik yaşında qızlarda adətin gecikməsi halları baş verir ki, bu da hormonal çatışmazlıq səbəbindən yaranır. Bəzən görürsən ki, qız uşaqlarında bu cür problem yarandığı halda valideyn onu müayinəyə aparmır, ginekoloqa göstərməyə utanıb, çəkinirlər. Amma, məncə, hər hansı 14-15 yaşına çatmış qızda adət halı görünmürsə, valideyn mütləq ginekoloqa müraciət etməli, lazımi müalicəni etməli və çatışmazlığı aradan qaldırmalıdır. Bu xəstəliklər məni daha çox narahat edir. Amma, bundan da çox valideynlərin laqeydliyi məni narahat edir.

Fəaliyyət göstərdiyiniz sahədə hansısa ilkə, yeniliyə və ya fərqliliyə imza atmısınızmı?

Xanımların gələcək nəsillərində mioma olma əlamətlərinə dair təcrübə aparmışam. Belə qənaətə gəlmişəm ki, onlardan alınan qan analizinə əsasən müəyyən etmək olar ki, yaranan mioma əvvəlki nəsildə olubmu və ya gələcək nəsildə olacaqmı.

Ölkəmizdə tanınmış mama-ginekoloqlar sırasındasınız. Bu işin hansı məsuliyyətli tərəfləri var?

Doğrudan da ginekoloq olmaq böyük məsuliyyət tələb edən sənətdir. Cərrah mama-ginekoloq olmaq isə iki qat məsuliyyətdir. Yəni, biz həkimlər bir ailənin sevincinə, kiçik bir yalnışla isə o ailənin sonunun olmasına səbəb ola bilərik. Ona görə də hər bir mama-ginekoloqa üzümü tutub demək istəyirəm ki, hər hansısa əməliyyat edən zaman səbrli və təmkinli olsunlar. Xüsusilə də təbii doğuş zamanı. Heç vaxt düşünməsinlər ki, hansısa işləri qalıb, doğuşu tez bitirib o işin dalınca getsinlər. Məndə elə hallar olub ki, öz doğmamın-bacım oğlunun toyu olub, amma, xəstəmin doğuş sancıları başladığı üçün toyun axırına gedib çıxmışam. Çünki, artıq o doğan xəstə 9 ay mənimlə irəliləyib. Onun doğuşunu buraxıb, kiməsə etibar edə bilməzdim. O məsuliyyəti üzərimdə gördüyüm üçün o doğuşun səbrlə başa çatmasını gözlədim.

Ən unudulmaz doğuş prosesiniz hansı olub?

2005-ci ildə bir xanımın doğuşunu aparırdım. Daha doğrusu əməliyyat idi. O xanım vaxtından əvvəl ciftin ayrılması diaqnozu ilə daxil olmuşdu klinikaya. Çox qan itirmişdi. Biz onu təcili olaraq əməliyyata götürdük. Çox qan itirdiyi üçün halı çox pis idi. Əməliyyat blokunda arterial təzyiqin aşağı olması, nəbzin zəif vurması məni çox narahat edirdi. O an gözlərimi qaldırıb allahdan imdat diləyəndə ki, bu xanım və körpəsi sağ-salamat çıxsın əməliyyatdan, sanki əməliyyat blokunda bir gözlər mənə baxaraq "doktor, tələsməyin, səbrlə, təmkinlə siz öz işinizi görün. Allah sizə kömək olacaq” dedi. Doğrudan da bir möcüzə baş verdi. Bütün bunlara baxmayaraq biz onu yenidən həyata qaytardıq. Bu da allaha inamım sayəsində oldu. Ona görə həmişə ona təşəkkür edirəm ki, heç vaxt məni darda qoymayıb.

Hansı hallarda qeysəriyyə əməliyyatını məsləhət görürsünüz pasiyentə?

Qeysəriyyə əməliyyatı üçün nisbi və mütləq göstəricilər vardır ki, mütləq göstəricilər olduğu halda pasiyentə qeysəriyyə əməliyyatını, heç bir problem olmadığı halda, tanrı tərəfindən göndərilmiş bu möcüzəni təbii yolla dünyaya gətirməsini məsləhət görürəm. Bəzən xanımlar bunu başa düşür və təbii doğuşa üstünlük verirlər. Bu isə mənə xüsusi zövq verir.

Qadınlar hansı aralıqda ginekoloji müayinəyə gəlməlidilər?

Əslində hər bir xanımın ildə ən azı iki dəfə ginekoloji müayinə olunması məsləhətdir. Çünki bu insan orqanizmidir. Hər gün, hər ay dəyişikliyin olma ehtimalı var. Ona görə də bu gün biz gördüyümüz insan orqanizmindəki hər hansı problemlə bir aydan sonra başqa formada qarşılaşırıq. Buna görə də vaxtında müayinə olunarsa, problem fəsadlaşmış yox normallaşmış olar. Çünki düzgün müalicə hər zaman öz effektini göstərir.

Aborta münasibətiniz...

Buradan bütün ailəli xanımlara müraciət edirəm ki, düşünmədən hamilə qalmayın heç vaxt. Düşünmədən hamilə qalıb onu abortla sonlandıracaqsınızsa, bu yaxşı hal deyil. Ona görə də hər zaman ailələr tərəfindən hamiləlik planlaşdırılmalıdır. Hamiləliyin gedişində hər hansı problem olarsa, o zaman abort məsləhət görərəm.
 
Gələcək analar üçün hansı tövsiyyələriniz var?

Gələcək analara məsləhətim odur ki, hamilə qalmadan öncə ginekoloji müayinələrdən keçsinlər. Lazım olan analizləri versinlər. Bu halda hamiləliklərini uğurla başa vura bilərlər.

Səma Qurban
İslahat.az