16 İyun 2021
12:34
21637

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun reallaşacağı tarix AÇIQLANDI - FOTO

"Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də keçirilməsi planlaşdırılır”.

 İslahat.az xəbər verir ki,bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov deyib. 

O bildirib ki, yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş füzelyajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş-enmə zolağının torpaq yatağının hazırlanması işləri tamamlanıb:

"Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir.

Sahəsi 60 min kvadrat metr olan səkkiz hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiyaların quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri Artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri isə gətirilmək üzrədir”.

AZAL rəsmisinin sözlərinə görə, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiya işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır. 

"İstifadə olunan avadanlıqların hamısı Avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdırılması isə bu ayın sonuna planlaşdırılır. Uçuş-enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq”, - deyə V.Əmiraslanov qeyd edib.

İslahat.az