16 İyun 2021
11:16
22971

Fransanın məşhur xəbər agentliyi: “Türkiyə millisi Bakıda özünü ev sahibi kimi hiss edəcək”

Avropa çempionatının qrup mərhələsinin II turunda Uelslə qarşılaşacaq futbol üzrə Türkiyə millisi bu oyunda özünü ev sahibi kimi hiss edəcək.

Enerji ehtiyatları ilə zəngin olan Azərbaycanla Türkiyə arasında ortaq tarixi və mədəni əlaqələr mövcuddur.

Bu fikirlər Fransanın AFP beynəlxalq xəbər agentliyində dərc olunan məqalədə qeyd olunur.

Yazıda Uels-Türkiyə oyunu öncəsi "küləklər şəhəri”ndə yaşayış binalarının, ofislərin, mağazaların Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilməsinə diqqət çəkilib.

"Bizim Türkiyə ilə köklərimiz birdir. Demək olar ki, eyni dilimiz var. Bu səbəbdən bir-birimizi çox yaxşı başa düşürük”, - bu sözləri mövzu ilə əlaqədar AFP agentliyinə açıqlama verən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov söyləyib.

E.Məmmədov qeyd edib ki, bu gün baş tutacaq oyunda azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək.

"Türkiyədən ölkəmizə 4 minə yaxın azarkeş gələcək. Ümumilikdə 31 min biletdən 25 mini satılıb. Türkiyəli fanatlar üçün Bakıya səyahət etmək asandır, çünki birbaşa uçuşlar var. Uelsli azarkeşlərin sayı 300 olacaq”, - deyə AFFA funksioner vurğulayıb.

Məqalədə həmçinin qeyd olunub ki, hazırda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdədir və o, Uels-Türkiyə oyununu Bakı Olimpiya Stadionunda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə canlı izləyəcək.

"Rəcəb Tayyib Ərdoğanın burada olması iki ölkə arasındakı güclü əlaqələri göstərir. Bu, iki ölkə arasında olan qardaşlığın növbəti sübutudur”, - deyə AFFA-nın icraçı vitse-prezidenti bildirib.

İslahat.az