23 Mart 2020
16:10
235

Formula 1-in Azərbaycan Qran-prisi təxirə salındı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb. 

İslahat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi açıqlamasında bildirilir. 

Qərar "Formula 1", Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FIA) rəhbərliyi və Azərbaycan hökuməti ilə geniş müzakirələrdən sonra qəbul olunub və qlobal pandemiya koronavirusu ilə əlaqələndirilib: "Əsas qayğımız Azərbaycan xalqının, eləcə də Azərbaycan Qran-prisinə gələn azarkeşlərin, komandaların məkdaşlarının və çempionat iştirakçılarının sağlamlığı və rahatlığıdır. Dünyanın ən yaxşı maşın yarışının iyunda Bakı küçələrində keçirilməyəcəyindən təəssüfünüzü bölüşürük. Yeni, daha gec tarixi elan etmək üçün vəziyyəti öyrənməkdən ötrü "Formula 1" rəhbərliyi, FIA və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyik". 

O da vurğulanıb ki, satılmış bütün biletlər əlavə heç bir formallıq olmadan qüvvədə qalacaq. Qran-prinin yeni tarixi təsdiqləndikdən sonra bütün azarkeşlər bu barədə məlumatlandırılacaqlar.   

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi Qran-prilərdən 2-ni ləğv edib, 5-ni isə təxirə salıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Beləliklə, mövsümə Bakıda start veriləcəyinə dair ehtimallar özünü doğrultmayıb.

İslahat.az