09 Yanvar 2020
12:22
785

FHN rəsmisi: "Diqlas", "Binə", "Sədərək" və "Eurohome"da yanğın təhlükəsizliyinə - ƏMƏL OLUNMAYIB

Müasir ticarət mərkəzləri geniş xidmət sahələrini əhatə edir və burada geyim, bəzək məmulatları, məişət əşyalarının alış-verişi ilə yanaşı, həm də uşaq əyləncə mərkəzləri, kino zalları, avtomaşınların parkingi, yeməkxana, gözəllik salonları və s. fəaliyyət göstərir. Odur ki, ticarət mərkəzləri təkcə gənclərin və yaşlıların deyil, həm də uşaqların üz tutduğu, insanların daha sıx toplaşdıqları iri obyektlərdir və bu obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunması çox vacibdir”. 

İslahat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bildirib.

O qeyd edib ki, son illər dünyanın bir çox ölkələrinin – Rusiyanın, Birləşmiş Ərəb Əmirliklərinin, İtaliyanın, Almaniyanın, İspaniyanın və s. yanğın statistikasında ticarət mərkəzlərində yanğınların baş verməsi faktlarına tez-tez rast gəlinir: "Həmin ölkələrdə, eləcə də ötən il respublikamızda "Diqlas”, "Binə”, "Sədərək”, "Eurohome” kimi ticarət mərkəzlərində baş vermiş yanğınlar göstərir ki, ticarət mərkəzlərində yanğın təhlükəsizliyi məsələsinin ciddiliyi aktual problemlərdəndir. Belə ki, adıçəkilən ticarət mərkəzlərində yanğınların təhlili bir daha göstərdi ki, bu obyektlərdə quraşdırılmış yanğına qarşı avtomatika qurğuları tələb olunan bütün sahələri əhatə etmir, mövcud qurğulara vaxtaşırı olaraq, xüsusi razılığı (lisenziyası) olan müəssisələr tərəfindən lazımi xidmət göstərilmir, ilkin yanğınsöndürmə avadanlıqları, həmçinin yanğına qarşı su təchizatı sistemləri bir çox hallarda nasaz vəziyyətdə saxlanılır, işçilərdən ibarət könüllü yanğınsöndürmə dəstələri fəaliyyət göstərmir, kiçik sahibkarlar müəssisənin məsul şəxsləri tərəfindən yanğına qarşı təlimatlandırılmır, təxliyə yollarına satış malları yığılaraq ara məsafələrinə riayət olunmur. Bütün sadalananlarla yanaşı daşınmaz əmlakın icbari sığortalanması tədbirinə də laqeyd münasibət göstərilir”.

İslahat.az