15 Noyabr 2018
17:47
2377

"Fərqli"xana

Elşən Gəncəvi

"Fərqli"xana

Bir gün çayxanalarda öldürdüyümüz zaman bizim qapımızı gerçək ölümlə döyəcək.

Rumıniyadan gəldiyim ilk gündən fərqli geyim tərzimə görə insanlar heç vaxt təsəvvür etmədiyi bir "uzaylı”nı görmüş kimi davranırdılar.

Kimlərsə gülümsəyir, kimlər isə məni yer kürəsini məhv edəcək biri kimi baxışları ilə məhv etməyə çalışırdı. Çayxanada zamanlarını öldürən gənclər fərqli görünüşlərə həmişə "adekvat” cavablar verirlər. Əks fikirli olmaqlarını sənə eşitdirəcək dərəcədə müzakirəni aparırlar. Ən maraqlısı, çənəmdən uzanan saqqala müxtəlif heyvan səslərini çıxardaraq özlərini ifadə etmələridir.

Mentalitetimizə zidd olan müxtəlif saç və saqqala qarşı dərhal reaksiya verilməlidir. Daha maraqlı bir hadisə, Sahil metrosunun içində bir cavan oğlan nəzərə çarpır. Əlində avtomobil "kalonka”sı və yüksək səsli meyxana. Diqqət həmin oğlana. Bakı həmin gənclə hesablaşır. Ona qarşı heç kim əks fikirdə deyil, heç kim onun etdiyini başqa canlının hərəkətinə bənzətmir. Kimlərsə yenə gülümsəyir, kimlərsə musiqinin sədaları altında heç vaxt sevmədiyi qızın dərdini çəkir.

Hər bir mühit gəncləri müxtəlif düşüncələrdə formalaşdırır. Gənclər mühit baxımının düşüncəsinə görə müxtəlif təbəqələr formasında olur: Yaşadıqları şəhər və rayon çayxanası mühitində olan gənclər, tələbə mühitində olan gənclər, günlərini kitablarla keçirən gənclər, baxışları eyni olub kütlə şəklində olan gənclər, işgüzar və sağlam həyat sürən gənclər.

Şəhər və rayonlarda gənclərin bir çoxu əsasən çayxana mədəniyyətində formalaşıb. Çayxana mədəniyyətində olan gənclər gündəlik həyatında günortaya yaxın yuxudan oyanmaqla yeni, amma təkrar olan həyata başlayırlar. Günorta vaxtı gənclər çayxanada oturmaqla hər gün eyni mövzuların müzakirəsini aparırlar. Müzakirə mövzusu mentalitetdi.

Hər hansı bir insanın xarici görünüşünü müzakirə etmək maraq dairələrini genişləndirir. Maraqlar saqqal və bığ arasında toqquşur. Kimlər üçün saqqal kişilik rəmzidir, kimlər üçünsə bığ. "Əlini saqqalına çək, bığına isə toxunma – o kişilik rəmzidir”. Yaxşı səslənir.

Müxtəlif bekarçılıq nümunəsi olan - "domino”, "nərd” və s. kimi oyunlar havanın qaralmasına xidmət edir. Daşların qarışdırılması, əllərin daha möhkəm stola vurulması gecəni daha musiqili edir. Qədim dövrləri xatırladan "alov rəqsləri”nə bənzəyir. Oyun sonlarında şəhərdə yeni gözə çarpan son model avtomobilin müzakirəsi başlayır. Bir saat sonra isə son model maşından ilk yaranmış maşına qədər müzakirə davam edir. Gecə, hesabı bağlamaq lazım gəlir. Bunu oyunda məğlub olmuş həmkarlar edir. Daha sonra evə gələrək yuxuya yorğun "qəhrəman”lar kimi gedirlər.

Eyni vaxtın eyni gəncləri, paytaxtın eyni mənzərəsində.

Gəncləri xarici geyim tərzindən tutmuş yersiz hərəkətlərindən çəkinənədək hiss etmək olur. Yüksək səslə danışmaq, bayram günü "kim daha möhkəm səs çıxardır?” yarışına girmək şəhərin mərkəzini bəzəyir. Bayram olduğu zaman, qrup şəkilində yüksək səsli gülüşlər, xanımlara söz və cümlələr atmaq xüsusi ifadə metodudur. Çayxana mühitinin formalaşdırdığı gəncləri müşahidə etmək çox sadədir paytaxt şəhərimizdə.

Sonda:

Kütlə həqiqəti sevmir. Çünki həqiqət həmişə fərdlərə xidmət edir. Azərbaycanda kifayət qədər fərdiyyətini formalaşdıran gənclərin də sayı az deyil. Standart həyatı olan gənclərin işgüzar və sağlam həyat tərzi, cəmiyyətə yox, ailəyə qapanması cəmiyyətin çoxlu kütlələrdən ibarət olmasını formalaşdırır. Özünü formalaşdıran gənc işgüzarlığını həmyaşıdlarına təbliğ etməlidir.

Bütün kütlələri xalq kimi formalaşdıran fərdi nümunələr olub. Fərdlərin məsuliyyəti gələcəyi daha işıqlı edir. Bir gəncin gələcəyini yox, hətta bu gününü bir "xana”ya çevirməsi üzücüdür. İnsanların peşə seçimi etməsinə və peşəkar olmasına tərəfdaram. Cəmiyyətə alternativlər təqdim etmək, seçimləri çoxaltmaq, dünyaya iki rəngdən daha çox baxmaq vacibdir. Yaxşı təhsil almaq və vətənə xidmət etmək gərəkdir. Hər kəs fərqində olduğunu fərqli də olsa ifadə etməlidir.

"Oxu-magiya” kitabı

İslahat.az

OXŞAR XƏBƏRLƏR