06 Yanvar 2022
13:32
23865

Fərid Qayıbov dörd ayda gördüyü işlərin hesabatını verdi

"Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf etdi. Hesabat ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olduq. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izlədik, idmançılarla görüşdük, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlandıq. Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük hovuzlarından səmərəli istifadə imkanlarını müzakirə etdik”.

İslahat.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov bildirib.

O, hesabatında 7 sentyabrdan nazir olduğu dövrdə gördüyü işlərdən danışıb:

"Güləş, Badminton, Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirildi. Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olundu. Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birgə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparıldı.

Stolüstü Tennis və Atçılıq federasiyalarında vəziyyətlə tanış olduq, Pauerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılışında iştirak etdik.

Uğur qazanmış idmançılar da diqqət mərkəzindədir – onlar Azərbaycanı layiqincə təmsil edir, arxasınca onlarla gənci idmanla məşğul olmağa səsləyirlər. Ötən ay həmçinin şahmat, reqbi, MMA və digər növlər üzrə idmançı və mütəxəssislərlə görüşlərdə idman potensialımızın imkanlarını müzakirə etdik”.

Fərid Qayıbov keçirdiyi beynəlxalq görüşlərdən də danışıb:

"Beynəlxalq əməkdaşlıq sahəsində də bir sıra görüşlərimiz oldu. Malayziya, Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirdik, ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının və Avropa Şahmat İttifaqının prezidentlərini, Dünya Etnosport Konfederasiyası və Beynəlxalq Abilimpiya Federasiyasının nümayəndələrini qəbul etdik.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilməyim ictimai fəaliyyətimdə daha bir pəncərənin açılması ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Olimpiya Hərəkatına töhfə vermək baxımından da qarşımıza yeni məqsədlər qoyur”.

İslahat.az