12 Noyabr 2021
16:34
20179

Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğ geri qaytarılacaq? - Nazir AÇIQLADI

Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğin qanunvericilik çərçivəsində minimum tutulmalarla geri qaytarılması məsələsi müzakirə edilir.

İslahat.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.

Nazir bildirib ki, əsassız pensiyalarla bağlı ötən illər ərzində hər il 250-270 vəzifəli şəxsə cinayət işi açılıb, o vəzifəli şəxslər işdən də qovulub, cinayət tədbirləri görülüb.

"Çox böyük məbləğdə mənimsəməyə yol verilib. Artıq əsassız pensiya və müavinətlərin qarşısı tam alınır. Ötən illər ərzində mənimsənilmiş vəsaitin geri qaytarılması məsələsi müzakirə olunur. Qanunvericiliyin imkan verdiyi halda vətəndaşlara ödəmələrdən minimal məbləğdə tutulmaların olmasına dair müzakrələr aparırıq” - deyə, nazir bildirib.

S.Babayev əlavə edib ki, əsassız pensiyaların ləğvi nəticəsində 2018-ci ildə 25.6 milyon manat, 2019-cu ildə 133.1 milyon manat, 2020-ci ildə 246.5 milyon manat, 2021-ci ilin 10 ayı üzrə 496.3 milyon manat mənimsənilməsinin qarşısı alınıb. Ümumilikdə, 606 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb.

İslahat.az