27 Oktyabr 2020
14:07
1309

"Ermənistana sülh yox, müharibənin davamı lazımdır" - Deputat

"Ermənistanda münaqişənin davamında maraqlı olan qüvvələr var”

İslahat.az-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, Ermənistan tərəfindən heç vaxt beynəlxalq hüquq normalarına, sazişlərə riayət olunmayıb.

Deputatın sözlərinə görə, Ermənistan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarınn qətnamələrini rədd edirsə, deməli, bu ölkə üçün beynəlxalq hüquq normaları heç nədir.

A.Mollazadə hesab edir ki, sadəcə, korrupsiyaya qurşanmış bəzi siyasətçilər var, onlar Ermənistanın hərəkətlərinə göz yumurlar: "Dünyada artıq hüququn aliliyi deyil, gücün aliliyi hər şeyi həll edir. Ermənistan bu əməllərinə görə də cavab alacaq. Azərbaycanın Silahlı Qüvvələri BMT-nin bir neçə qətnamələrini artıq icra edib, digərlərini də icra etməlidir. Vəziyyət ona gətirib ki, beynəlxalq təşkilatların qətnamələrini Silahlı Qüvvələrimiz icra edir. Bununla belə, danışıqlar davamlı olmalıdır. Azərbaycan tərəfi maraqlıdır ki, tezliklə sülh əldə edilsin, münaqişə həll olunsun. Yəni sülhü biz tələb edirik".

Deputatın fikrincə, dünyaya ermənilərin atəşkəsi necə pozduqlarını sübut etməliyik: "İşğalçı qüvvələr münaqişədən uzaq olan bölgələrimizə, cəbhədən xeyli aralıda olan yerlərə atəş açırlar. Çünki Ermənistan mülki əhali ilə mübarizə aparır. Onlar uşaqları, qadınları, dinc insanları öldürmək istəyirlər. Bu da təsadüfi deyil. Çünki Hitlerin mühafizəsini təşkil etmiş "SS” təşkilatının nümayəndəsinin heykəli İrəvanın mərkəzinə ucaldılıb, bir neçə beynəlxalq terrorçular da orada cəmləşiblər. Bütün bunlar dünya ictimaiyyətinin diqqətini cəlb etməlidir".

A.Mollazadə ermənilərin döyüşlərdə itirə-itirə, işğal etdikləri ərazilərimizi tərk etdikləri halda müharibəni niyə davam etdirməsinə, atəşkəsə əməl etməməsinə belə şərh verdi: "Ermənistandakı idarəçilikdə hərc-mərclik hökm sürür. Orada münaqişənin davamında maraqlı olan qüvvələr var. Ermənisan dövləti öz millətinin məhvi ilə məşğuldur. Onlar döyüş təcrübəsi olmayan uşaqları belə müharibəyə cəlb edirlər. Bununla beynəlxalq hüquq normalarını pozurlar. Ermənilər bağçalarda, məktəblərdə gizlənirlər. Bu, terrorçuların mahiyyətidir. Onlar insanlardan qalxan düzəldirlər. Orta Şərqdə terrorçulara xas üsullardan istifadə etdiyi üsuldur. Ermənistana sülh yox, müharibənin davamı lazımdır. Bu, millətin faciəsinin göstəricisidir".
 
İslahat.az