13 Yanvar 2021
16:38
12390

"Ermənistan vəziyyətlə hesablaşmalı, sülh haqqında düşünməlidir" - ASİM MOLLAZADƏ

"Azərbaycanın istəyi 10 noyabrda imzalanan sazişin qeyri-şərtsiz icrasından ibarətdir. Bizim istəyimiz erməni tərəfinin təxribatlarının dayandırılması, dversiya qruplarının Azərbaycana göndərilməsinin qarşısının alınması və eyni zamanda sazişdə əks olunan Azərbaycan kəndlərinin geri qaytarılması məsələsini sürətləndirməkdir. Ən əsas məsələ isə sazişdə qeyd edildiyi Naxçıvanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya sisteminin yaradılmasıdır”.

Bu sözləri Reyting.az-a Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilən görüşü şərh edən deputat Asim Mollazadə deyib.
 
Deputatın sözlərinə görə, Azərbaycan tərəfini maraqlandıran məhz bu məsələlərdir.

A. Mollazadənin fikrincə, Ermənistan vəziyyətlə hesablaşmalı, ərazi iddialarını kənara qoymalı, revanşist istəklərindən imtina etməli, regiona əməkdaşlıq, inteqrasiya və sülh gətirmək haqqında düşünməlidir. Əks halda Ermənistanın bölgədə mövcudluğu şübhə doğuracaq.

"Moskvada Azərbaycan və Ermənistan arasında sənəd imzalana bilərmi” sualına gəldikdə, A. Mollazadə bildirib ki, əgər hansısa sənəd razılaşdırılıbsa, üçtərəfli sazişin davamı və konkretləşdirilməsi kimi imzalanacaq: "Amma bütün zəruri məsələlər 10 noyabr bəyanatında öz əksini tapıb. Düşünmürəm ki, hansısa yeni əlavə məsələlər müzakirə edilməlidir. Azərbaycan humanitar sahədə də əməkdaşlığa hazır olduğunu ifadə edib. Ermənilərin cəsədlərinin ərazidən götürülməsinə şərait yaradıb, həbsdə olan ermənilərin qaytarılması ilə bağlı iş aparıb”.

A. Mollazadə qeyd edib ki, Azərbaycanın mövqeyi kifayət qədər güclüdür: "Bildiyiniz kimi, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri artıq gəliblər. Yaxın müddətdə Monitorinq Mərkəzi açılacaq. Bu mərkəz prosesləri izləmək imkanına malik olacaq. Əgər kimsə Ermənistanın yeni təxribatlarına imkan yaradılacağını düşünürsə, səhv edir”.
 
İslahat.az
<!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_210113_163732_215.sdoc -->