31 Mart 2022
15:21
22419

“Ermənistan rəsmiləri bizim təklifimizi məqbul hesab edirlər” - Prezident

"Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır”.

İslahat.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək.

Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası - hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var”, - deyə dövlət başçısı əlavə edib.

İslahat.az