Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında və eləcə də mədəniyyət mərkəzimiz Şuşada keçirilən IX Qlobal Bakı Forumu qlobal problemlərin həlli yollarını araşdıran və beynəlxalq ictimaiyyəti narahat edən qlobal çağırışların müzakirə olunduğu bir məkana çevrilib.
İslahat.az xəbər verir ki, bunu "Yeni Gündəm”-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, bu forum həm müzakirə olunan mövzuların
əhəmiyyəti, həm də çoxşaxəliliyi baxımından, dünyanın müxtəlif ölkələrində
keçirilən digər beynəlxalq konfrans və forumlardan tamamilə fərqlənir:
"Belə ki, beynəlxalq gündəlikdə duran əsas məsələr, o cümlədən təhlükəsizlik
məsələləri və Avropadakı cari vəziyyət barədə forumda açıq müzakirələr aparıldı.
Forum eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması
baxımından da mühüm əhəmiyyətə malikdir”.
S.Hüseynova vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi
zəfəri ilə öz torpalqarını işğaldan azad edib və regionda yeni reallıqlar
yaradıb: "Artıq münaqişə geridə qalıb, indi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır
və Azərbaycan bunun üzərində çalışır. Azərbaycan Prezidenti cənab İlham Əliyev
bu forumda çıxışında bir daha Ermənistana ciddi xəbərdalıq etdi. Bildirildi ki,
bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın təklif etdiyi beynəlxalq
hüququn beş əsas prinsipi əsasında sülh müqaviləsinin üzərində işlənilməlidir.
Dövlət başçısı qeyd etdi ki, "Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi
bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir
ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla,
beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən
başqa prinsipləri də irəli sürüb”.
Deputat bildirib ki, begionda sülhün bərqərar olması üçün nəqliyyat
kommunikasiyalarının açılması da vacib əhəmiyyətə malikdir. "Bu istiqamətdə
Azərbaycan üzərinə düşən vəzifələri lazımınca yerinə yetirir. Lakin qarşı tərəf
bütün bu məsələni ləngitməyə çalışır. Kommunikasiyaların açılması ilə bağlı
Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl
etməlidir. Ölkə Prezidenti vurğuladı ki, "Zəngəzur dəhlizinin açılması
məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir.
Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin
olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq
münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.
S.Hüseynova əlavə edib ki, Ermənistan anlamalıdır ki, onun bugünki
böhran vəziyyətindən çıxmaq üçün yeganə yolu Azərbaycanın təklifi ilə
əməkdaşlıq etməkdir:
"Regionda sülhün təmin edilməsinin digər vacib elementi isə ölkələrin ərazi
bütövlüyünə və suverenliyinə hörmət edilməsidir. Bu baxımdan Ermənistan
Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və regionda sülhün bərqərar
olması üçün əməkdaşlıq etməlidir. Bunun əksi Ermənistana heç bir fayda
gətirməyəcək.
Dövlət başçısı öz çıxışında vurğuladı ki, "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü
sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual
altına qoymaqdan başqa çıxış yolu olmayacaq.
Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi”.
İslahat.az