Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər
nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan görüşəcək. Tərəflər görüş
zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini
müzakirə edəcəklər.
Görüş ATƏT-in Minsk Qrupu
həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və
Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası
çərçivəsində baş tutacaq. Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək.
"Sputnik Azərbaycan" görüşlə
bağlı Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim
Mollazadənin gözləntilərini öyrənib. Onun fikrincə, Ermənistanın yeni
hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ciddi
danışıqlara hazır deyil.
"Ermənistan rəsmiləri, hər zaman olduğu kimi yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Mən Nyu-Yorkda baş tutacaq danışıqlar zamanı hər hansı bir ciddi irəliləyiş əldə olunacağını gözləmirəm. Çünki, erməni tərəfi münaqişənin həllində sülhə, irəliləyişə hazır deyil" - deputat bildirib.
Baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında Dağlıq Qarabağ münaqişənin həllinə dair səsləndirdiyi fikirlərə toxunan millət vəkili qeyd edib ki, Ermənistanın yeni hakimiyyətinin əsas məqsədi özündən əvvəlki hakimiyyət kimi dünyanı, beynəlxalq ictimaiyyəti aldatmaq, Dağlıq Qarabağ münaqişəsi zonasında real vəziyyət barədə yanlış təəssürat yaratmaqdır.
"Paşinyan olduqca ciddi və təhlükəli bir oyun oynayır.
Çünki, Paşinyan hakimiyyəti münaqişə zonasında vəziyyəti gərginləşdirərək sülh
danışıqlarından imtina etməyə çalışır və hətta öz sahibləri olan Rusiyanı da
aldatmaq istəyir. Düşünürəm ki, Rusiya Paşinyanı, Ermənistan hökumətini məhz
buna görə ciddi cəzalandıra bilər" - Mollazadə vurğulayıb.
DİP sədrinin sözlərinə görə, bunu anlayan Paşinyan BMT Baş
Assambleyasının 73-cü sessiyasında beynəlxalq ictimaiyyətinin diqqətini tamamilə
fərqli istiqamətə yönəltməyə çalışır: "Ermənistanın baş nazirinin oğlunun
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçməsinə
nə ehtiyac var? Bu, bir daha Azərbaycan torpaqlarının məhz Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğal edildiyinə dair konkret sübutdur. Bu faktın özü
Paşinyanın danışdığı yalanı ifşa edir".
İslahat.az