22 Fevral 2021
17:33
14422

"Ən gözəl terapiya anlaşılmaqdır" - Yaşam Koçu Zəhra Zahidova (MÜSAHİBƏ)

Zəhra Zahidova: "Hər hansı psixoloji problemi olan insan psixoloqa gedir. Amma, dünyada psixoloji problemi olmayan insanın da bir dəstəyə ehtiyacı var."

Psixoloq, Yaşam Koçu Zəhra Zahidovanın İslahat.az xəbər portalına müsahibəsini təqdim edirik:

Yaşam koçu kimdir?

Koçluq İngiltərədən bizə olduğu kimi gəlib. Orada avtobusda yan-yana oturub, səyahət edənlərə koç deyirlər. Yəni, yol dostu. Düşün, nə səndən irəlidə, nə geridə... Tam yanında 1 insan var. Sən onunla yol dostluğu edirsən. Danışan hər hansı bir yerdədir, koça müraciət edir, koç onunla bir yerdən, başqa yerə səyahətə çıxır. Yarğılamadan, empatiya ilə dinləyir insanı. Düşünün, bir gündə 10 seans olur. İnsanları empatiya ilə dinləyirsən. Evə gələndə ailəni, ananı, dostlarını, qohumlarını və s. empatiya ilə dinləməyə başlayacaqsan. Özünü onun yerinə qoyaraq. Koçluq etdikcə nə olur? Bu duyğu bütün hücrələrinə yayılır. Özün gözəlləşdikcə, ətrafını gözəlləşdirməyə başlayırsan. Xoşbəxtliklə xoşbəxt olunmur. Onu hiss etmək lazımdır. İnsanların beyinlərində bədbəxtlik və ya mənfi hal rüşeymi kök salır. Sanki xoşbəxtlik əlçatmaz kimi görünür. Şüuraltı belə kodlanır və bəzən qorxduğumuz şeylər başımıza gəlir. Amma, əsl məsələnin bizdən qaynaqlandığını bilmirik.
Koçluq dərsi alanda, dərsdən əvvəlki biz ilə dərsdən sonrakı biz arasında ağ və qara rəng qədər fərqin olduğunu aşkar edirsən. Bəzən deyirik ki, bir kitab oxudum, dünyam dəyişdi, baxış bucağım dəyişdi. Məhz Koçluq dərsi də insanlara belə təsir edir, dünyaları dəyişir.

Yaşam koçluğuna necə başladığınız barədə hekayənizi bizimlə bölüşün.

Koçluq mükəmməl peşədir. Həyatımın ən gözəl nöqtəsi - koçluğu tapmağım oldu. Araşdırmalar etdim, seminarlara qatıldım. Maraq dairəmdə oldu daim. Bu peşənin necə möhtəşəm olduğunu hər keçən gün bir daha kəşf etdim. Yalnız özüm üçün yox, ətrafıma da yaymaq istədim. Daha da inkişaf etdirmək istədim. Türkiyənin Yeditepe Universitetinin Yaşam koçluğu təhsilini aldım. Təhsilim tamamlandıqdan sonra seanslarda Koçluq texnikalarından istifadə etməyə başladım. Geri dönüşlər mənə motivasiya verdi. Artıq bu sahədə "Koçluq Təlimi" təşkil etmək qərarına gəldim. Hal-hazırda bu sahəni sevən insanlarla, tələbələrlə "Koçluq Dərsləri" təşkil edirəm.

Yaşam Koçluğunun bir peşə kimi universitetlərdə keçirilməsinə ehtiyac varmı sizcə?

Yaşam Koçluğunun bir ixtisas kimi universitetlərdə təşkil edilməsini, insanların bu sahədən anlayışlı olmalarını, həyatlarına rəng qatmalarını, içlərindəki xəzinəni kəşf etmələrini çox istərdim. Bu halda başqa ölkələrdə deyil, öz ölkəmizdə, öz dilimizdə bu təhsili almış olarıq.

Yaşam Koçuna ən çox kimlər müraciət etməlidir? Yaxud edir?

Koç danışana məsləhət verməz, rəhbərlik etməz. Hər hansı psixoloji problemi olan insan psixoloqa gedir. Amma, dünyada psixoloji problemi olmayan insanın da bir dəstəyə ehtiyacı var. Bir insana baxırıq, sosial şəbəkədə 5000 izləyicisi var. Amma, həyatda içini açacaq, dərdini bölüşəcək 2 dostu yoxdur. Məsələn, 1 insan qayaya baxır və deyir: "Necə gözəl heykəldir." Dostu deyir: "Haradadır heykəl? Orada qaya var axı".
Oğlan deyir: "Bax elə heykəl həmin qayanın içərisindədir".
Koçun işi də budur. Qarşısında qaya vardır, həmin qayadan gözəl sənət çıxarırsan. Koç insanın özünü görməsinə və içindəki xəzinəni çıxarmasına yardımçı olur.
Hədəflərini tapmaq istəyən, uğurlu iş, uğurlu həyat, uğurlu sevgi və s. istəyən hər kəs müraciət edə bilər.

İnsanın özünə yaşam koçu deməsi üçün hansı keyfiyyətləri olmalıdır?

İnsanın özünə yaşam koçu deməsi üçün öncə professional dərs alması vacibdir. Seminarlarda iştirak etməli, araşdırmalı, daim öz üzərində işləməlidir. Ən vacib məqam - insanları yarğılamadan və diqqətli dinləməyi bacarmalıdır.

İnsanlar adətən hansı növ problemlərdən dolayı sizə müraciət edirlər?

Daha çox müraciət - özgüvən, özdəyərin aşağı olması ilə, içlərindəki uşağı tapmaq, onun nə istədiyini kəşf etmək, içlərindəki potensialı üzə çıxarmaq ilə bağlıdır.

Bu işdə kumiriniz, ilham aldığınız biriləri olubmu?

Təhsil aldığım müddətdə müəllimlərim, qatıldığım təlimlərdəki koçlar hər zaman ilham mənbəyim olub.

Koçluq barədə sizin üçün ən təsirli hekayəni bizimlə bölüşün.

Yeditepe Universitetində dərs aldığım müddətdə müəllimənin bizə anlatdığı hekayəni sizinlə bölüşmək istəyirəm.
Nəsrəddin hoca bir kənddən keçir. Görür ki, susuzlayıb, həmçinin açıb. İstirahət üçün kəndin kənarında dayanır. Kənddən keçən bir oğlan da ona kömək edir. Yemək, su verir. Uzunqulağına ot, su verir. Nəsrəddin hoca istirahət edib, qalxır ki, getsin. Həmin oğlana deyir: Mən sənə necə kömək ola bilərəm oğlum?
Oğlan 1 mövzuda dəstəyə ehtiyacım var deyir. Atamız rəhmətə gedib və biz 3 qardaşıq. Atam vəsiyyətində yazıb ki, 17 uzunqulaq var, onun yarısını böyük qardaşa, 1/3-ni ortancıl qardaşa, 1/9-ni isə özünə götür. Amma, uzunqulaq 17-dir. Nə 2-ə, nə də 3-ə bölünür. Biz də bölüşdürə bilmirik. Nəsrəddin hoca da deyir ki, mənim uzunqulağımı da al, 18 olsun. Bunun yarısını 8-ni böyük qardaşına ver. 1/3-ni ortancıl qardaşına, 1/9-ni, yəni, 2-ni özünə götür. Oğlan deyir axı biri artıq qaldı. Nəsrəddin hoca da deyir ki, mənim də uzunqulağımı özümə qaytar...
Koçluq budur, danışanın həyatına daxil olursan, əlində olanlarla problemi həll edirsən. Həyatından çıxırsan. Bu zaman danışan "aa koç getdi, mən nə edəcəm?" demir. Onsuzda problemi öz potensialı ilə özü həll edir. Özü doğrunu və ya yanlışı seçir. İçindəki xəzinəni tapmasına yardımçı olur.

İnsanlar öz problemlərini ən yaxınları ilə də bölüşə bilərlər. Koçu digər insanlardan ayıran professional məqam hansıdır?

Münasibət professionalı olursan. Koç səninlə eyni dili danışandır. Ən böyük problemimiz də budur. Eyni millətdənik, eyni dili bilirik, amma, bir- birimizi anlaya bilmirik. Düşün, səni anlayan biri olsa, necə hiss edərsən özünü? Təbii ki, möhtəşəm!
Münasibətin 4 təməl nöqtəsi var:
1. Danışmaq
2. Oxumaq
3. Yazmaq
4. Dinləmək.

Biz danışmağın, yazmağın, oxumağın dərsini alırıq. Amma, dinləmək üçün dərs almırıq təəssüf ki.
Koç yarğılamadan dinlədiyi üçün pasiyent bütün həyatını danışdıqca, danışır. Ən gözəl terapiya anlaşılmaqdır. Koça müraciət edirsən, səni diqqətlə dinləyir, həyata sənin gözünlə baxır. Bu da əvəzolunmaz duyğudur.

Bu sahədə gələcək planlarınızdan bəhs edin bir az.

Bu sahəni daha çox insana çatdırmaq, bu sahənin insanların həyatında yarada biləcəyi möcüzələrdən agah olmalarını istərdim. Tez-tez seminarlar, təlimlərin təşkili və yeni layihələr gözlənilir.

Şəxsi kariyerasında irəliləmək istəyən insanlara bir yaşam koçu olaraq hansı motivasiyaedici fikirləri söyləmək istərdiniz?

"Özünüzü sevin. Siz özünüzü sevməsəniz, başqalarının da sizi sevdiyini görməyəcəksiniz. Siz özünüzü sevməsəniz, sizi də sevməyəcəklər" - demirəm!
Siz özünüzü sevmədiyiniz üçün mənfi fikirlərlə dolu olacaq beyniniz. Başqalarının sizi sevdiyini görməyəcəksiniz. Bu düşüncə ilə özünüzdən uzaqlaşdıracaqsınız insanları. Geriyə baxdıqda, kimsənin olmadığını gördükdə, məni sevən, dəstək olan dostlarım yoxdur deyərək, depressiya yaşayacaqsınız. Nəzər yetirdikdə, problemin kökünün "özünüzü sevmədiyiniz" olduğunu görəcəksiniz.
Əvvəl özünüzə dəyər verin. Dəyər verin ki, sizə də dəyər verildiyini görəsiniz.
Özünüzü sevin. Sevin ki, sizi sevdiklərini hiss edəsiniz .
Unutmayın, ətrafınızda sizi sevənlər hər zaman var!
 

Səma Qurban
İslahat.az