17 Avqust 2022
11:19
18187

Çempionlar Liqası: “Qarabağ” bu gün pley-off oyununa çıxacaq

"Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

İslahat.az xəbər verir ki, Azərbaycan çempionu Bakıda Çexiyanın "Viktoriya” (Plzen) komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Matçın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq.

İki komanda indiyədək avrokuboklarda bir dəfə rəqib olub. 2016/2017 mövsümündə ÇL-in III təsnifat mərhələsinə təsadüf edən dueldə Plzen təmsilçisi üstün olmuşdu. Çexiyadakı matçda qolsuz heç-heçə qeydə alınmışdı. Bakıdakı görüşdə 1:1 hesablı heç-heçəyə nail olan qonaqlar səfər qolu sayəsində mərhələ adlamışdılar. Bu mənada bugünkü qarşılaşma "köhlən atlar” üçün revanş xarakteri də daşıyır.

Ağdam klubu oyuna ciddi itkilərlə çıxacaq. Mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə hər hansı itki yoxdur.

İslahat.az