11 Mart 2020
14:01
314

Elman Rüstəmov: “Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir”

"Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir. Amma məşğulluq sektorun prioritet olduğunu nəzərə alaraq Dünya Bankından kredit cəlb etdik”.
İslahat.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib.
E.Rüstəmovun sözlərinə görə, məhz ölkə başçısının Dünya Bankının rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdən sonra bank adıçəkilən layihəyə kredit ayırıb.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, məşğulluq hər bir ölkənin siyasətinin əsas hissəsini təşkil edir: "Məhz ötən il həyata keçirilən 4,2 mln. əhalini əhatə edən sosial paketin əsas hissəsi məhz məşğulluqla bağlıdır. Bu gün 270 min şəxs məşğulluq alt sistemində iş axtaran kimi qeydiyyatdan keçib. Onlardan 90 min nəfəri işsiz, 180 min nəfəri isə işi olsa da özünə daha münasib iş axtaran şəxslərdir. Aktiv məşğulluq sahəsində ötən il 103 min nəfər işə düzəlib, 4 min nəfər peşə təhsili ilə təmin olunub”.
Xatırladaq ki, Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln. ABŞ dolları civarında kredit ayırıb. Kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir.
Layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşacaq.
İslahat.az