24 Dekabr 2021
12:23
22480

Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi sürətlə davam etdirilir - FOTOLAR

Prezident İlham Əliyev tərəfindən iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu 7 tunelin tikintisi aparılır.

İslahat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan ayrılan və məşhur "İsa Bulağı”dək inşa olunacaq yol üzərində 1335 metr uzunluğa malik tunel üzrə də tikinti işlərinə yeni başlanılıb.

"İsa Bulağı” istiqamətində inşa edilən tunel də daxil inşa olunan tunellərin ümumi uzunluğu 7 668 metr təşkil edir. 314-3 340 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Hazırda tunellərdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri görülür. Bundan başqa tunellərin hər birində tikinti işlərinin yerinə yetirilməsi üçün havalandırma sistemi quraşdırılır.

81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının tikintisi, 9 viadukun, 7 avtomobil körpüsünün, 11 yeraltı keçidin, 59 suötürücü borunun tikintisi də layihə üzrə davam etdirilir.

4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.

İslahat.az