13 Noyabr 2019
13:27
553

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi “Yeni nəfəs” adlı solo-konsert proqramı təqdim edib

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi "Yeni nəfəs” adlı solo-konsert proqramı təqdim edib.

İslahat.az xəbər verir ki, məktəbin direktoru, Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə reallaşan konsert Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilib.

Fidan xanımın çoxşaxəli fəaliyyətində uşaqların musiqi təhsili alması və musiqi mədəniyyətinin inkişafı, professionallıq səviyyəsinə çatdırılması xüsusi yer tutur. Xatırladaq ki, üç il öncə onun təsis etdiyi Vokal Musiqi Məktəbinin şagirdləri bu gün şəhərimizin müxtəlif musiqi ocaqlarında uğurla konsertlər verir, respublika və beynəlxalq müsabiqələrdə çıxış edirlər.

Dövlət Bayrağı Gününə həsr edilən konsert Xalq artisti Fidan Hacıyevanın ifasında Üzeyir Hacıbəylinin "Sevgili canan” romansı ilə başlanıb. Onu fortepianoda Zülfiyyə Sadıqova müşayiət edib.

İfadan əvvəl Xalq artisti həyəcan keçirdiyini etiraf edib: "Bu gün ilk konsertimizdir. Bir ay yarımdır direktor təyin olunmuşam. Bu müddətdə var qüvvəmizlə çalışdıq ki, məktəbimizin istedadlı müəllimlərinin və şagirdlərinin gözəl ifalarını siz tamaşaçılara təqdim edək”.

Müəllim və şagirdlər eyni səhnəni bölüşürlər

J.Bizenin "Karmen” operasından Habanera ariyasını ifa edən Fidan xanım şagirdi Südabə Eyvazovanın səhnəyə çıxmaq arzusunu həyata keçirib. Fidan Hacıyevanın ifasını, eləcə də "Karmen” operasını tez-tez dinləyən Südabə Eyvazovanın belə bir mürəkkəb əsəri tezliklə səhnədə ifa etmək arzusu müəlliminin dəstəyi ilə reallaşıb. Onları məktəbin müəllimləri Sevda Rəhimova, Nigar Babayeva və Samirə Fərəcova müşayiət ediblər.

Fidan xanım yeni tələbələrindən olan Xədicə Əkbərzadənin (III sinif şagirdi) də ifasını dəstəkləyib. Üzeyir Hacıbəylinin "Asyanın mahnısı” ("Arşın mal alan” musiqili komediyasından) müəllim-tələbə dueti ilə təqdim olunub. Onları konsertmeyster Leyla Əhmədxanova müşayiət edib. Fidan xanım Xədicənin gələcəkdə daha böyük repertuarlara müraciət edəcəyinə əmindir.

Dövlət Bayrağı Gününə həsr olunan konsertin zəngin proqramında həm solo ifalar (o cümlədən vokal və musiqi alətləri), həm də ansambl çıxışları yer alıb.

Məktəbin qanunçalanlar ansamblının təqdimatında "Şalaxo” (Süleyman Ələsgərov), II sinif şagirdi Mail Manafovun ifasında "Ave Mariya” (İ.S.Bax/F.Ş.Quno), Gənc pianoçuların I beynəlxalq müsabiqəsinin qalibi, IV sinif şagirdi Amaliya İbrahimovanın səsləndirdiyi "Polka” (S.Raxmaninov), IV sinif şagirdi Elçin Məmmədovun müəllimi Muxtar Hüseynzadə ilə birgə klarnetdə ifa etdiyi "Arzu” (Niyazi) əsəri, IV sinif şagirdi Fərid Ziyalının skripkada səsləndirdiyi "Rəqs” (E.Cenkinson) tamaşaçılara xoş anlar yaşadıb.

Qarmonda III sinif şagirdi Eldar Hüseynovun, IV sinif şagirdi Nuray Abdullayevanın ifasında, Şükran Mirsalahov və Pərviz Məmmədovun müşayiətilə "Tərəkəmə”, fortepianoda V sinif şagirdi Mədinə Əzimlinin müşayiətilə məktəbin müəllimi Nurlan Abbasın skripkada ifa etdiyi "Skerso” (F.Əmirov), fortepianoda V sinif şagirdləri Nərmin Əliyevanın "Caz etüd”ü (Manfred Şmidts), Zümrüd Həsənovanın "Etüd” (Milan Dvorjak), tarda V sinif şagirdi Yusif Həsənovun səsləndirdiyi "Xəzər balladası” (T.Bakıxanovun), V sinif şagirdi Bəsrə Amanovanın "Arzular” (T.Quliyev, "Görüş” bədii filmindən) vokal ifası alqışlarla qarşılanıb.

Fidan xanım tamaşaçılar arasında əyləşsə belə məktəbin gənc istedadlarının çıxışını həssaslıqla izləyir, onlara dəstək olurdu.

Gecənin daha bir maraqlı məqamı Xalq artistinin ifasında Ernesto de Kurtisin "Non ti scordar di me” (Unutma məni) mahnısı olub. Onu fortepianoda Raminə Ağayeva müşayiət edib.

Qısa müddət ərzində uşaq musiqi məktəbində instrumental və xalq çalğı alətləri ansamblları yaradılıb

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin tədris hissə müdiri Fəxriyyə Quliyeva Xalq artisti Fidan Hacıyevanın direktor təyin olunmasından sonra burada bir çox yeniliklərin həyata keçirilməsindən danışıb, qısa müddətdə instrumental və xalq çalğı alətləri ansambllarının yaradıldığını vurğulayıb, bu cür konsertlərin davamlı olacağını bildirib.

Beləliklə, konsertdə həmin ansamblların ilk çıxışları təqdim edilib. Üçüncü sinif şagirdi Elnur Əliverdiyevin qarmonda ifa etdiyi "Skerso” (Vasif Adıgözəlov) instrumental ansamblın müşayiətilə təqdim olunub. Ansamblın rəhbəri Sevda Rəhimovadır. Məktəbin "Rast” xalq çalğı alətləri ansamblı müəllimlərdən ibarət olsa da, gələcəkdə kollektivə istedadlı şagirdlər cəlb ediləcək. Konsertdə Səma Zohorovanın ifası ("Buludlar”, C.Cahangirov), eləcə də "Çahargah rəngi” məktəbin xalq çalğı alətlər ansamblı tərəfindən təqdim edilib.

Konsert proqramı Xalq artisti Fidan Hacıyevanın və kollektivin birgə ifasında M.Maqomayevin "Azərbaycan” mahnısı ilə başa çatıb.

Qeyd edək ki, gecədə, həmçinin Aybəniz Malxasova, Sənan Rüstəmov konsertmeyster olublar. Şagirdlərin isə bu konsertə hazırlaşmasında Vəfa Babazadə, Nigar Babayeva, Elnur Qarayev, Firuzə Əliyeva, Tamilla Kazımova və digər müəllimlərin böyük əməyi olub.

"Yeni nəfəs” konsert proqramının iştirakçıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru, Xalq artisti Fidan Hacıyeva tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürünü bildirib.

Bu gün böyük iftixarla öpüb altından keçdiyimiz Dövlət bayrağımızın yenilməzliyini uşaqlara təbliğ etmək hamımızın borcudur. Milli bayraq dövlətçiliyimizin rəmzi kimi nəsillərin qəlbində və şüurunda yaşayır və yaşayacaq. Ə.Bakıxanov adına 6 nömrəli musiqi məktəbinin Dövlət Bayrağı Gününə həsr etdiyi konsert proqramı gənclərin milli həmrəylik və vətənpərvərlik ruhunda formalaşmasına bir töhfədir.

Tədbirlə bağlı təəssüratını bölüşən məktəbin direktoru Fidan Hacıyeva deyib: "Çox sevinirəm ki, bu gözəl bayramı – Dövlət Bayrağı Gününü 6 nömrəli musiqi məktəbinin kollektivi və tamaşaçılarımız ilə bir yerdə qeyd etdim. Bu məktəbə direktor təyin olunduğum vaxtdan etibarən çoxlu məşqlər etdik və bu konsert də onun nəticəsidir. Məktəbin çox gözəl kollektivi var”.

Qeyd edək ki, Üzeyir bəy 1907-ci ildə Şərqin ilk operası "Leyli və Məcnun”u o zaman "İslamiyyə” mehmanxanası kimi fəaliyyət göstərən bu binada yazıb. Bina 1937-ci ildən fəaliyyətə başlamış bu musiqi məktəbinə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, məktəb 1992-ci ildən isə Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun adını daşıyır.

Xatırladaq ki, Xalq artisti Fidan Hacıyeva noyabrın 4-də Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə İsveçrədə konsert proqramı ilə çıxış edib.
 
İslahat.az