27 Avqust 2019
11:52
679

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 29-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahana qeydiyyat 27 sentyabr saat 16:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır.

Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar.

"Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
 
İslahat.az