05 Noyabr 2021
12:42
20505

Dövlət Komitəsinin sədri könüllülərlə görüşüb - FOTOLAR

4 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova könüllülük fəaliyyətini başa vurmuş gənclərlə görüşüb.

İslahat.az xəbər verir ki, Zəfər Günü ərəfəsində keçirilən görüşün məqsədi gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, Vətən müharibəsində qazandığımız qələbənin yaddaşlarda əbədi həkk olunaraq gələcək nəslə ötürülməsidir.

Gəncləri və tədbir iştirakçılarını salamlayan Bahar Muradova görüşün hər kəs üçün əlamətdar hadisə olan Zəfər günü ərəfəsində keçirilməsindən məmnunluğunu ifadə edib.

Komitə sədri bu gün bütün dünya ölkələrinin siyasi rəhbərliyinin müzakirəsinə səbəb olan Qarabağ müharibəsi və misilsiz Zəfərimizin yeni dünya nizamına və regionda münasibətlərin formalaşmasına mühüm təsirinin olduğunu vurğulayıb. O, dövlətlərin bir-birinin torpağını işğal etməsi, xalqını soyqırıma məruz qoymasının müasir dünyanın siması üçün utancverici olduğu bildirib. Baş verənlər qarşısında dünya birliyinin səssiz qaldığı, Azərbaycanın haqq mübarizəsində təkbaşına ədaləti bərpa etdiyi, torpaqlarını Ali Baş Komandanının, güclü ordusunun iradəsi və əzmi, xalqının birliyi ilə azad etdiyini diqqətə çatdırıb.

Gənclərimizin Vətən müharibəsindən vacib nəticələr çıxaracağına inandığını bildirən B.Muradova, onların Azərbaycanda əhalinin həssas təbəqələri arasında sosial-psixoloji işin aparılmasında və bu sahədə həyata keçirilən mexanizmlərin gücləndirilməsinə töhfə verəcəklərini qeyd edib. Bu sahədəki, eləcə də ailələrimizdəki problemlərin həll olunmasında dövlətin və cəmiyyətin bərabər şəkildə iştirakının vacibliyini vurğulayıb. Gənclərə könüllü olaraq bu işə qoşulduqları üçün təşəkkür edən Komitə sədri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, tədbir iştirakçılarını böyük Zəfərimiz münasibətilə təbrik edib.

Daha sonra B. Muradova gənclərin suallarını cavablandırıb, onlara tövsiyələrini verib. Sonda könüllülərə sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, cari ilin iyul-oktyabr aylarında könüllü kimi fəaliyyət göstərən 26 gənc Dövlət Komitəsi və onun nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində təcrübə keçərək, müxtəlif mövzuda təlimlərə cəlb olunublar.

İslahat.az