16 Aprel 2022
13:58
23735

Dövlət Komitəsində blogerlərlə görüş keçirilib - FOTOLAR

15 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial media blogerlərilə görüşüb.

İslahat.az xəbər verir ki, görüşdə Komitə yanında İctimai şura üzvləri, gender bərabərliyi, qadın və uşaq hüquqları istiqamətində fəaliyyət göstərən blogerlər - Vəfa Əlizadə, Həmayıl Cəfərli, Saleh Nəsirov, Həvva Səfərova, Şəbnəm Həsənəlizadə, Fidan Nizamova, Nigar Səfərova, Aytac Qəmbərova iştirak ediblər.

Tədbirdə sosial şəbəkələrdə uşaq və qadın hüquqlarının qorunması, onlarla bağlı məlumatların ən düzgün şəkildə ictimaiyyətə çatdırılması, cəmiyyətdə bu sahədə məlumatlılığın artırılması baxımından doğru maarifləndirmənin aparılması kimi mövzular müzakirə edilib. Müzakirələr zamanı Komitənin fəaliyyət istiqamətləri üzrə mümkün əməkdaşlıq məsələləri ilə bağlı təkliflər səsləndirilib.

Bahar Muradova qeyd edib ki, uşaq və qadın hüquqlarının, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində mərkəzi icra hakimiyyəti olan Komitə ictimai rəyə təsir gücünə malik şəxsləri birgə fəaliyyətə cəlb edərək, cəmiyyətdə maarifləndirmə işini gücləndirməyi qarşıya məqsəd qoyub. O, müzakirədə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirərək, bu görüşün sosial media blogerləri ilə əməkdaşlıqla cəmiyyətdə mənfi halların aradan qaldırılmasına, sağlam düşüncənin formalaşdırılmasına, birgə hədəfə çatmağa töhfə verəcəyinə inamını ifadə edib.

İslahat.az