28 Avqust 2018
18:08
13005

Dünyanın nüfuzlu ali məktəbində “Best Student” olan - AZƏRBAYCANLI GƏNC (MÜSAHİBƏ | FOTOLAR)

 

 

"PROFESSİONAL KİMİ FORMALAŞMAQ ÜÇÜN ÖNCƏ ŞƏXSİYYƏT KİMİ FORMALAŞMAQ LAZIMDIR”

Emil Məmmədli: "Sürətlə dəyişən dünyada, informasiya mübadiləsinin göz qırpımında aparıldığı dövrdə təhsil, hər dəqiqə yeni məlumatların, biliklərin əldə edilməsi və tətbiqi deməkdir.”

Uğur qazanmaq üçün təhsil açardır. Təhsili ilə dünyanın qapılarını açan Azərbaycanlı gəncin uğur hekayəsini bölüşmək üçün onu suallarımızla kəşf etməyə niyyətləndik. Onun uğuru bizim uğurumuzdur. 

Dünyanın nüfuzlu ali məktəbində "Best Student” olan Azərbaycanlı gəncin AMVPRESS.AZ-a verdiyi müsahibəsini təqdim edirik.

Emil Məmmədli kimdir?

Mən, 1987-ci ildə ölkəmizin dilbər guşələrindən olan Zəngilan rayonunda ziyalı bir ailədə anadan olmuşam. Çox yaxşı xatırlamasam da, onu deyə bilərəm ki, uşaqlığımın çox az bir hissəsini Zəngilanda keçirmişəm. Erməni işğalı zamanı, məlum hadisələr nəticəsində Bakı şəhərinə köçməyə məcbur olmuşam. Orta təhsilimin çox hissəsini Bakı şəhərinin 55 və 258 saylı orta məktəblərində oxumuşam.

Ailəmizdə 3 uşaq olmuşuq və valideynlərimiz, məcburi köçkünlüyün "bəxş” etdiyi bütün çətinliklərə baxmayaraq, bizim yüksək keyfiyyətli təhsil almağımız üçün əllərindən gələni əsirgəməyiblər. Məhz bunun nəticəsidir ki, bacım və qardaşım Azərbaycan Tibb Universitetinə yüksək balla daxil olublar. Bacım təhsilini qulaq-burun-boğaz cərrahı ixtisası üzrə fərqlənmə ilə bitirib. Qardaşım isə hazırda Almaniyanın nüfuzlu "Lüdwig-Maximilian-Munich” Universitetinin Stomatologiya kafedrasında həm endodontoloq-stomatoloq vəzifəsində çalışır, həm də elmi işçi kimi fəaliyyət göstərir.

Qısa olaraq özümü təqdim etsəm - sıravi Azərbaycan vətəndaşı və maliyyə entüziastıyam.

Hansı ali məktəbləri bitirmisiniz? Ali məktəblərdə sıradan tələbə olmadığınız üçün uğurlarınızı bizimlə bölüşün.

Bakalavr təhsilimə Azərbaycan Dövlət İqtisad Universitenin "Xüsusi İstedadlar Qrupuna” yüksək balla daxil olmaqla başlamışam. Bu müddət ərzində nüfuzlu "Georgetown” və "Duke” Universitetlərinin təşkil etdiyi müxtəlif mübadilə proqramlarında iştirak etmişəm.

Bakalavr təhsilimi fərqlənmə ilə bitirdikdən sonra magistr dərəcəsi almaq üçün Böyük Britaniyanın ilk onluğunda yer alan "Lancaster” Universitetinə qəbul olmuşam. Bu universitetdə oxuyarkən, bütün Britaniya universitetləri arasında keçirilən "CFA Investment Research Challenge” investisiya yarışmasında 3-cü yerə layiq görülmüşəm. Son olaraq, keçən il, 2017-ci ildə dünyanın nüfuzlu universitetlərindən sayılan İspaniyanın "IE” Biznes Məktəbinin İcraçılar üçün Maliyyə üzrə magistr dərəcəsinə daxil olmuşam. Bu proqramı bu il, 2018-ci ildə birinciliklə bitirmişəm.

Həmin proqramlarda yeganə azərbaycanlı siz idiniz?

Xarici universitetlərdə oxuduğum proqramlarda dünyanın bir çox ölkəsindən tələbələr olsa da, bəli, yeganə azərbaycanlı mən idim.

Hazırda harada işləyirsiniz? Bu günə qədər hansı müəssisələrin əməkdaşı olmusunuz? Çalışdığınız sahələr hansılar olub?

Karyeramda ilk addımlara elə bakalavr təhsili dövründə başlamışam. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetində oxuyarkən "Bakcell” və "Ernst & Young” şirkətlərində maliyyə sahəsində işləməyə başlamışam.

Uzunmüddətli karyeram isə dövlət proqramı çərçivəsində oxuduğum "Lancaster” Universitetini bitirib geri döndükdən sonra, Azərbaycan Dövlət Neft Fondunun Səhmlər və Alternativ İnvestisiyalar şöbəsində çalışmaqla başlamışdır. Azərbaycan Dövlət Neft Fondunda 3 il işlədikdən sonra Azərbaycan və Ərəb kapitalı ilə yaranan və özəl səhm investisiyaları ilə məşğul olan Xəzər Beynəlxalq İnvestisiya Şirkətində Baş İnvestisiya İnzibatçısı öhdəliyini götürmüşəm. Hazırda İslam İnkşaf Bankında çalışıram və Azərbaycan da daxil olmaqla, 50-ə yaxın ölkənin özəl sektoruna birbaşa yatırımlar edirəm.

Yadıma düşmüşkən, Dövlət Neft Fondunun nəzdində çalışarkən Beynəlxalq Maliyyə Kooperasiyasında da təcrübə keçmişəm.

Təhsilinizin işinizə nə kimi təsiri olub?

Karyeramı təhsilsiz təsəvvür edə bilmirəm, yəni, karyeraya başlamaq üçün ilk növbədə teorik baza, yəni, başlanğıc informasiya olmalıdır və bu informasiyanı məhz "təhsil” verir.

Amma, təhsil deyərkən mən statik təhsili, yəni, "universitet bitdi, təhsil qurtardı” kimi yanaşmanı nəzərdə tutmuram. Sürətlə dəyişən dünyada, informasiya mübadiləsinin göz qırpımında aparıldığı dövrdə təhsil, hər dəqiqə yeni məlumatların, biliklərin əldə edilməsi və tətbiqi deməkdir.

Hətta, dostlarla görüşəndə deyirlər ki, sənin 30 yaşın var hələ də oxuyursan. Amma reallıq budur – oxumasaq, bu bilikləri almasaq rəqabətli olmuruq, karyerada da önə gedə bilmirik, yəni, davamlı şəkildə yeni məlumatlar qazanılmalıdır.

Sadaladıqlarımı da təhsilə daxil etsək, danılmazdır ki, təhsil karyera üçün çox önəmlidir. Amma karyerada uğur həm də digər faktorlardan asılıdır, bunlara əsasən zəhmət, mühit və şans kimi faktorlar daxildir.

Sizin üçün uğur göstəricisi nədir?

Mənim üçün uğur göstəricisi gördüyün işi sevmək, ona dəyər qatmağa çalışmaq və bu zəhmətin müsbət nəticəsini əldə etməkdir.

Misal üçün deyə bilərəm ki, mənim investisiya etdiyim şirkətlərə yalnız maliyyə yatırımı deyil, həm də şirkətin dəyər qazanmağı üçün müəyyən bir addımlar atılır ki, bunlara yeni şirkətlərin açılması, işçilərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin cəlb edilməsi, müasir texnologiyaların tətbiq edilməsi və ya təşkilati strukturun daha effektiv qurulması kimi addımlar da aiddir. Mənim üçün uğur göstəricisi bu addımların müsbət nəticə verməsidir.

İşlər düz getməyəndə nə etməliyik? Hansı addımlar bizi uğura aparır?

Ümumiyyətlə, düşünürəm ki, hər bir işə planlı şəkildə yanaşdıqda, düzgün hesablama apardıqda və potensial riskləri müəyyən edib onları minimuma endirdikdə uğursuzluq ehtimalı kifayət qədər azaldıla bilər.
Amma heç kim, heç bir müəssisə uğursuzluqdan sığortalı deyil. Ona görə də, uğursuzluq baş verdikdə məsələyə rasional yanaşmaq lazımdır. Öncə düzgün getməyən işin səbəblərini müəyyən etmək, bu səbəbləri aradan qaldırmaq üçün dəqiq hesablanmış plan qurmaq, bu planları həyata keçirmək lazımdır. Məncə, bu addımlarla axır-əvvəl uğursuzluq girdabından qurtulmaq olar.

Ailə yoxsa karyera? Niyə ailə? Niyə karyera?

İnsanın professional kimi formalaşmasında həm karyera, həm də ailə böyük rol oynayır. Doğrudur, professional kimi fomalaşmaq üçün karyera əsasdır. Amma, bir professional kimi formalaşmaq üçün öncə şəxsiyyət kimi formalaşmaq lazımdır ki, bu etapda ailənin rolu həlledicidir.

Bu sahədə çalışmasaydınız, başqa hansı sahədə çalışardınız?

Fizika mənim üçün çox maraqlı bir sahədir və boş vaxtlarımda bu elmə yiyələnməyə çalışıram. Çünki, Fizika kainatın işləmə mexanizmidir, ətrafımızda baş verən bütün hadisələr müəyyən qanunlarla idarə olunur və fizika bu sirləri bizim üçün açır.
Çox güman ki, maliyyə sahəsində çalışmasaydım, tətbiqi fizika sahəsini seçərdim. Çünki, bu ixtisas fiziki qanunları bəşəriyyəti önə aparmaq üçün texnologiyalara çevirir. Bəşəriyyət məhz tətbiqi fizika sayəsində hazırki texnoloji vəziyyətə gəlib çıxıb.
Artur Klarkın da dediyi kimi: "Kifayət qədər öndə olan istənilən texnologiya möcüzədən seçilmir”. Ona görə demək olar ki, tədbiqi fizika möcüzələr yaradır.

Azərbaycanda çalışdığınız sahədə hansı fəaliyyətlərə ehtiyac var? Və hansı yenilikləri etmək lazımdır?

Azərbaycan son dövrlərdə maliyyə bazarı, investisiya sahəsində kifayət qədər inkişaf edib. Amma mənim çalışdığım sahədə - özəl investisiyalar sahəsində müəyyən çatışmazlıqlar özünü göstərir. Belə ki, hazırda özəl səhmlərlə məşğul olan şirkətlərin əksəriyyəti holdinq modeli əsasında işləyir. Amma, dünya praktikasında iqtisadiyyata təkan verən, maliyyə bazarlarının eləcə də biznes mühitinin inkişafına təkan verən alternativ model – özəl səhm fondları modeli daha geniş yayılıb. Düşünürəm ki, ölkəmizdə bu modelin inkişafı və kadrların yetişdirilməsi ilə bağlı kifayət qədər işlər görülməlidir və lazım olarsa, mən bu işlərin görülməsi ilə bağlı öz təcrübəmi bölüşməyə hazıram.

Xaricdə təhsil almağınızın perspektivi nədir? Azərbaycan təhsilindən əsas fərqi nədir?

Xaricdə təhsil, yüksək keyfiyyətli təhsil almaqdan əlavə, iş bazarlarına, əsasəndə, beynalxalq iş bazarlarına daha rahat çıxış imkanı verir. Təbii ki, son dövrlər Azərbaycanda da tədris sahəsində olan yeniliklərdən dolayı keyfiyyətli təhsil almaq mümkündür. Ancaq xaricdə təhsilin mənim üçün verdiyi əsas üstünlüklər - dünyanın fərqli ölkələrindən olan tələbələrlə fikir mübadiləsinin aparılması, daha rasional yanaşmanın təlqin olunması, digər fikirlərə daha tolerant yanaşma kimi dəyərlərdir. Xaricdə təhsilin mənə verdiyi digər bir üstünlük isə dünyanın əksər ölkələrindən dost-tanış bəxş etməsidir. Bu da gələcəkdə ikitirəfli və ya bir neçə tərəfli biznes münasibətlərinin qurulmasında stimul ola bilər.

"Best Students" siyahısında olmusunuz. Bununla bağlı məlumat verin, zəhmət olmasa. "Best Students" haqqında da əlavə məlumat verərdiniz. Yəni, bunun həm də hansı əhəmiyyəti var?

"IE” Biznes Məktəbi hər il məzun günündə hər bir fakültə üzrə ən yaxşı tələbə, yəni, "Best Student” seçir. Açığı, mən "IE” Biznes Məktəbini bitirdikdə artıq öz proqramımız üzrə ən yaxşı tələbə nominasiyasında qalib gəldiyimi bilirdim. Amma universitet mənə bildirdi ki, mən nəinki öz proqramımız hətta bütün tələbələr arasında ən yaxşı tələbə nominasiyasına layiq görülmüşəm, yəni, ən yaxşı tələbələr içində ən yaxşı tələbə seçilmişəm.
Bu nailiyyət nəticəsində biznes məktəbinin dekanının yüksək nailiyyətlilər siyahısına daxil olmuş, hətta çox az məzunun qəbul olduğu nüfuzlu "Beta Gamma Sigma” təşkilatının da üzvü seçilmişəm. Bundan əlavə, belə bir nüfüzlu universitetin birinciliyini bir azərbaycanlının qazanmağı mənim üçün qürurverici haldır.

Əldə etdiyiniz uğuru şansa yoxsa təcrübəyə bağlayırsınız? Təcrübə şans yarada bilərmi?

Ümumiyyətlə, fikrimcə, uğurun formulası təcrübədən daha çox şansla zəhmətin tandemindən irəli gəlir. Yəni, uğur - qarşınıza çıxan şansı yaxşı dəyərləndirmək, onun üzərində çalışmaqla ortaya çıxır.

Şans vaxtında dəyərləndirilmədiyində uğura gətirib çıxarmır. Eləcə də, təəssüf ki, qarşıya bir imkan çıxmadığı müddətcə zəhmət çəkmək də həlledici rol oynaya bilmir.

Məncə şans hansısa veriləndən asılı deyil və təsadüfi bir faktordur. Təcrübə yalnız o şansdan istifadə etməyə kömək ola bilər.

10 il sonra Emil Məmmədlinin uğuru nə olacaq? Gələcəkdə Emil Məmmədli hardadır?

Bilirsiniz, bir investisiya mütəxəssisi üçün 10 il sonranı proqnoz vermək çox çətindir. Mənim yatırım etdiyim şirkətlərdə verdiyim proqnozlar maksimum 4 və ya 5 il müddətini əhatə edir, amma, yenə də abstrakt da olsa, verdiyiniz sualı cavablandırmağa çalışacam.

Emil Məmmədli çox güman ki, gələcək 10 ildə sevdiyi işlə, yəni, yatırımlarla məşğul olacaq, bu sahədə aldığı yeni təcrübələri gördüyü işdə tətbiq etməyə çalışacaq. Ən əsası, bunu sizə əminliklə deyə bilərəm ki, harada yaşamağından və harada işləməyindən asılı olmayaraq, Emil Məmmədli vətəninə sadiq bir azərbaycanlı olaraq qalacaq.

 
İslahat.az