22 Noyabr 2021
11:48
21377

Dollar bahalaşır, neftsə ucuzlaşır – Yaxın aylarda nə gözlənilir?

ABŞ dünyada əmtəə qiymətlərinin yüksəlməsindən sonra dolları bahalaşdırmağa qərar verib. Artıq bunun ilkin əlamətləri müşahidə edilir və yəqin ki, 2022-ci ilin birinci yarısı ərzində də güclü dollar görəcəyik.

İslahat.az xəbər verir ki, dolların güclənməsi əmtəə qiymətlərinin enməsinə səbəb ola bilər. Dolların bahalaşması prosesi 2021-ci ilin mayından başlanıb.

Həmin dövrdə 89,6 olan Dollar İndeksi oktyabrın 28-də 93 həddini keçdi. Oktyabrın sonlarından dollarda növbəti bahalaşma qeydə alınıb və bu proses hələ də davam edir. Hazırda indeks 96,1 həddindədir və beynəlxalq birja analitiklərinin proqnozuna görə indeksin bir qədər də yüksəlməsi üçün imkanlar var.

May ayından dolların bahalaşmasına ABŞ mərkəzi bankının (FED) yumşaq pul-kredit siyasətindən tədricən imtina edəcəyi ilə bağlı yayılan məlumatlar səbəb olub. Dolların oktyabrın son günlərindən bir qədər də güclənməsi isə FED-in qəbul etdiyi qərarlarla əlaqədardır. FED bəyan edib ki, hər ay 120 milyard dollarlıq qiymətli kağız alışını dekabrdan 15 milyard dollar azaldacaq. Azalma sürəti gələn ilin yanvarından 20 milyard dollara yüksələcək və 2022-ci ilin ikinci yarısına qədər istiqraz alışı tam dayanacaq.

FED-in bu qərarı yumşal pul-kredit siyasətindən tədricən imtinanın başlanması anlamını verir. Böyük ehtimalla FED gələn ilin ikinci yarısında faizlərin artırılması haqqında qərar verəcək.

Bu qərarlar dolları bahalaşdırır və ehtimal ki, növbəti aylarda biz məzənnə dəyəri daha yüksək olan dollar görəcəyik.

Dolların bahalaşması əmtəə qiymətlərinə azaldıcı təsir göstərir. Oktyabrın son günlərindən neftin dəyərində baş verən enməyə səbəb olan amillərdən biri də məhz dolların bahalaşmasıdır. Oktyabrın 27-də bir bareli 86 dollar olan "Brent” nefti hazırda 78-79 dollara satılır. Böyük ehtimalla dollar bahalaşdıqca neft qiymətlərində bir qədər də enmə olacaq.

Dolların bahalaşması, neftinsə ucuzlaşması digər əmtəələrin ucuzlaşması və bununla da ümumi qiymət artımlarının zəifləməsi ilə nəticələnəcək.

Bu prosesdən Azərbaycan da faydalanacaq. Düzdür, neftin müəyyən qədər ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinə mənfi təsir edəcək, amma ixracla bərabər idxalın həcmində azalma yaradacaq. Buna görə də neftin ucuzlaşmasına görə müsbət xarici ticarət balansında ciddi fərq müşahidə etməyəcəyik.

Dolların bahalaşması, neftinsə ucuzlaşması Azərbaycanın bu il əziyyət çəkdiyi "idxal inflyasiyası” yükünü azaldacaq və gələn il daha aşağı inflyasiya görəcəyik.

Azərbaycana Avropadan, Türkiyədən, Rusiyadan və digər ölkələrdən idxal edilən malların dəyəri manatla ifadədə düşəcək.

İslahat.az