12 Oktyabr 2018
14:17
665

Deputat rus bölməsində oxuyan uşaqların sayının artmasından narahatdır

Deputat Gövhər Baxşəliyeva parlamentdə Azərbaycanda son illər rus bölməsində oxuyan uşaqların artması tendensiyasından narahatlığını ifadə edib. 

İslahat.az xəbər verir ki, o, qeyd edib ki, sözügedən tendensiya artmaqda davam edir:

"Bu, kökündən səhvdir. Məncə, bunun qarşısı alınmalıdır. Bu, rus dilinin əleyhinə çıxmağım kimi qəbul edilməsin. Amma birinci sinifdən başlayaraq uşaqların rus dilində təhsil almasının tərəfdarı deyiləm. Arazın o tayında 35 milyon ana dili uğrunda mübarizə aparır. Amma biz burada ana dilində təhsildən imtina edirik.

Belə olduğu halda, onlar müəyyən mentalitetin daşıyıcısı kimi formalaşırlar. Sovetlər dövründə vəziyyəti başa düşə bilərdik. Çünki müstəqil deyildik. Ancaq biz bu gün müstəqilik. Ölkəmizdə karyera və təhsil üçün bütün şərait yaradılıb. 

Ona görə hesab edirəm ki, rus dili xarici dil kimi tədris olunsun. Amma orta məktəbdən, yəni, birinci sinifdən başlayaraq sona qədər uşaqların bu dildə təhsil alması doğru deyil”.
 
İslahat.az