02 Mart 2022
21:59
22511

Deputat: Gənclər onlar üçün yaradılan fürsətlərdən düzgün şəkildə yararlanmalıdır

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov martın 2-də "Yeni TV”nin canlı yayımının qonağı olmuş və "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı fikirlərini bölüşmüşdür.

Gəncləri yeni proqramın qəbul edilməsi münasibətilə təbrik edən deputat qeyd edib ki, bundan əvvəlki analoji proqram çərçivəsində 32 ölkənin 350-dən çox nüfuzlu təhsil müəssisəsində 3558 gənc dövlət hesabına təhsil almışdır: "Həmin gənclər bu gün Azərbaycanda ictima-siyasi həyatında və özəl sektorda çalışmaqla özlərini sübuta yetirirlər. Əvvəlki dövlət proqramını təhlil etsək görərik ki, həqiqətən də Azərbaycanın müxtəlif sahələrinin inkişafına dövlət proqramı çərçivəsində təhsil alaraq qayıdan gənclərimiz nə kimi töhfələr vermişlər. Dövlət proqramından başqa  sıra ölkələrlə tələbə mübadiləsi həyata keçirilir. 700-ə yaxın gəncimiz müxtəlif ölkələrin universitetlərində təhsil alıb. Azərbaycanın təhsil müəssisələri müxtəlif xarici dövlətlərin təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində ikili diplom verirlər”.

Şahin İsmayılov bildirib ki, Azərbaycan dövləti gənclərin inkişafı və dolayısı ilə gələcəkdə kadr təminatının həyata keçirilməsi ilə bağlı düşünülmüş və mərhələli şəkildə strateji bir siyasət həyata keçirir. Zamanın tələbinə uyğun olaraq yeni sahələr ərsəyə gəlir. Buna görə ixtisaslı kadrlar tələb olunur. İxtisaslı kadrların yetişdirilməsi isə, işin peşəkar şəkildə həyata keçirilməsi üçün olduqca vacib olan bir məsələdir.

"O ki, qaldı hazırkı proqramın digərlərindən fərqinə, yeni proqram 2000-ə yaxın gənci əhatə edəcək və daha çox təhsilin magistratura pilləsinə üstünlük verilməsi nəzərdə tutulub. Proqramın minimum 80 faizinin magistratura pilləsini əhatə etməsini doğru yanaşma hesab edirəm. Beynəlxalq fənn olimpiadalarında fərqlənən gənclərimizə üstünlük verilməsi də çox yaxşı haldır. Bötövlükdə həm cəmiyyətin bu proqrama marağı, həm də proqramın 1-ci mərhələsinin uğurlu nəticələri bizə söyləməyə əsas verir ki, bu proqram da əvvəlki proqram kimi uğurlu olacaq, gəncliyimizin və dövlətimizin inkişafında öz töhfəsini verəcək. Proqramda maraqlı məqamlardan biri də ondan ibarətdir ki, dünyada möcvud olan yeni ixtisas sahələri prioritet isiqamət kimi qəbul edilmişdir” – deyə, Ş.İsmayılov əlavə edib.

Aparıcı Nurlana Mehdiyevanın təqdimatında baş tutan verilişdə dövlət gənclər siyasəti, təhsillə bağlı görülən işlər, əmək bazarı, yeni ixtisas sahələri ilə bağlı fikir mübadiləsi davam etmişdir. Dövlət gənclər siyasətinin hər zaman öndə olmasını qeyd edən Şahin İsmayılov bildirib ki, Gənclər onlar üçün yaradılan fürsətlərdən düzgün şəkildə yararlanmalıdır.