20 Avqust 2021
13:55
15636

Daxili tələb artıb – Belə davam edərsə, ilin sonunda...

Azərbaycanda 2021-ci ilin ilk yanvar-iyul ayları ərzində iqtisadi artımın bərpa edilməsində daxili tələbin güclənməsinin böyük rolu olub. Məhz daxili tələbin güclənməsindən sonra qeyri neft-qaz sektorunda iqtisadi fəallıq artıb, bunun nəticəsində həmin sektorda böyümə qeydə alınıb, qeyri neft-qaz sektorundakı böyümə isə öz növbəsində ümumi daxili məhsul (ÜDM) istehsalındakı artımı təmin edib. 

İslahat.az xatırladır ki, ötən ilin sonunda ÜDM istehsalı 4,3 faiz, 2021-ci ilin birinci rübündə 1,3 faiz, cari ilin ilk 4 ayında 0,2 faiz azalmışdı. ÜDM istehsalında artım ilk dəfə yanvar-may dövründə müşahidə edildi və bu dövrdə artım 0,8 faiz oldu. Sonrakı aylarda artım bir qədər də güclənərək 2,7 faizə yüksəlib. 

İqtisadi artımın güclənməsində qeyri neft-qaz sektorunda yaradılan əlavə dəyərin (ÜDM) rolu əsas olub. 2020-ci ilin sonunda qeyri neft-qaz sektorunda ÜDM istehsalı 3,6 faiz, 2021-ci ilin yanvar-fevralında 0,4 faiz azalmışdı. Bu ilin birinci rübündən başlayaraq xüsusi karantin rejiminin yumşaldılması qeyri neft-qaz sahələrində ciddi aktivlik yaratdı və bunun hesabına iqtisadi artım tədricən yüksələrək ilk 7 ayda 5,3 faizə çatdı. 

Neft-qaz sektorunda isə istehsal 3,1 faiz azalıb. Amma qeyri neft-qaz sektorunda daha böyük artıma nail olunduğundan ümumən ÜDM istehsal artıb.

Qeyri neft-qaz sektorunda yüksək artımın əldə edilməsi öncə də qeyd etdiyimiz kimi daxili tələbin güclənməsi ilə bağlıdır. Daxili tələb dedikdə bir neçə göstərici nəzərdə tutulur. Bu göstəricilər istehlak xərclərindən (mal və xidmət xərcləri), dövlətin xərclərindən və investisiya xərclərindən ibarətdir. 
Məlumatların təhlili göstərir ki, bu il daxili tələbin güclənməsində istehlak xərclərinin artması həlledici rol oynayıb. Yalnız istehlak xərclərinin 2,9 faiz artması hesabına daxili tələb güclənib. Bu il istehlak xərclərinin artması pərakəndə ticarət xərclərinin 2,6 faiz, pullu xidmətlərin 4,2 faiz artması hesabına mümkün olub. İstehlaka ümumilikdə 27,6 milyard manat xərclənib. Daxili tələbin digər elementləri olan dövlət büdcəsinin xərcləri və investisiya xərcləri isə azalıb. 
Azalmaya baxmayaraq dövlətin xərcləri daxili tələbin dəstəklənməsində əhəmiyyətli rol oynayıb. 

Bu ilin ilk 7 ayında xərclər 3,4 faiz azalaraq 13,682 milyard manata düşsə də xərclərin böyük olması artımı dəstəkləyib. 

İnvestisiya xərcləri bu il də azalıb. Azalma 12,1 faiz olub. Dövlət büdcəsinin xərclərinin və investisiya xərclərinin azalmasına baxmayaraq istehlak xərclərinin güclənmsi ümumən tələbin güclənməsinə şərait yaradıb. 

İlk 7 ayın nəticələrinin təhlili göstərir ki, 2021-ci ilin geridə qalan dövrü ərzində də karantin rejimi sərtləşdirilməsə, daxili tələbdə artım davam edəcək və bu amil qeyri neft-qaz sektorunun daha böyük fərqlə inkişafına şərait yaradacaq. Hazırda daxili tələb ÜDM istehsalındakı artımın əsas hərkətverici qüvvəsidir və proqnozlaşdırılır ki, daxili tələbin güclənməsi hesabına ilin yekununda ümumi istehsal 3 faizdən çox artacaq.  
İslahat.az