21 Oktyabr 2020
19:42
1471

Dağlıq Qarabağ ermənilərinə çağırış: Qərar verin, sonra gec olacaq

Azərbaycan işğalda olan ərazilərini azad etdikdən sonra Dağlıq Qarabağda ermənilərin yaşaması məsələsi günün əsas müzakirə mövzularından biridir. İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bəyanat səsləndirir ki, Azərbaycan işğalda olan əraziləri azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilərin orada yaşaması "təhlükəli” olacaq. Məsələ burasındadır ki, rəsmi Bakı 30 ilə yaxındır, münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarında, Dağlıq Qarabağın erməni əhalisinin, yəni Azərbaycanın erməni əsilli vətəndaşlarının yaşamaq hüququnu təmin edəcəyini bəyan edir. Ermənilərin orada dinc yaşaması, hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi üçün bölgəyə, Azərbaycanın tərkibində olmaq şərtilə ən yüksək status verməyə hazır olduğu da bildirilib. Amma bugünədək separatçı rejimin terrorçu rəhbərliyi və rəsmi İrəvan bunları qəbul etməyib.

Bu gün Azərbaycan Ordusu hərbi əməliyyatlarla ərazilərimizi terrorçulardan təmizləməkdə, ərazi bütövlüyünü təmin etmək uğrunda müharibə aparmaqdadır. Bu gün də, rəsmi Bakı səviyyəsində yenidən Dağlıq Qarabağ ermənilərinə müraciət edilir, söz verilir ki, onların təhlükəsizliyi də, hüquqları da tanınacaq. Ali Baş Komandan İlham Əliyev çıxışlarında bildirib ki, Qarabağın erməni əhalisi müharibədən sonra dinc, mehriban şəraitdə vətəndaşımız olaraq yaşaya biləcək. Onların təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin olunacaq, hüquqları hər vətəndaş kimi qorunacaq. Bu gün Azərbaycan Dağlıq Qarabağın mülki əhalisinə qarşı yox, separatçı rejimin terrorçularına qarşı müharibə aparır.

Azərbaycanlı analitiklər bildirirlər ki, hazırda çökməkdə olan Ermənistanın hərbi-siyasi rəhbərliyində bir az ağıl varsa, gələcəkdə ermənilərin Dağlıq Qarabağda yaşamaq hüququnun olmasını istəyirlərsə, o zaman Azərbaycanın tələblərinə tez zamanda "hə” deməlidir. Əks təqdirdə, əməliyyatlar davam edəcək, Dağlıq Qarabağ erməniləri köçəcəklər, separatçıların tərkibində döyüşən silahlılar döyüş meydanında məhv olacaqlar. Sonra Qarabağda yaşamaq hüququ verilsə də, yaşayacaq erməni tapılmayacaq.

Cəmiyyətimizdə belə düşünənlər də var ki, ermənilərə Qarabağda yaşamaq hüququ bir halda verilə bilərdi - onlar torpaqlarımızı danışıqlar yolu ilə qaytarsaydılar. Amma indi Azərbaycan öz ərazilərini işğaldan hərbi yolla azad edir, bu yolda şəhidlər qurban verilir. Düşmən tərəf isə müqavimət göstərir. Bundan sonra Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər bir yerdə necə yaşayacaqlar?

İslahat.az xəbər verir ki, AYNA-nın mövzu ilə bağlı suallarını cavablandıran Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadənin sözlərinə görə, bu gün Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etməklə yanaşı, həm də sülhməramlı missiya yerinə yetirir:

- Bu gün Azərbaycan Ordusu, əslində Minsk Qrupunun missiyasını yerinə yetirərək, BMT-nin məlum 4 qətnaməsinin icrasını həyata keçirir. Azərbaycan gələcəkdə öz ərazisində Dağlıq Qarabağ ermənilərinin yaşaması üçün şərait yarada bilər. Bir məsələni xatırladım. Avropa Şurasının Venesiya Komissiyası hər zaman xüsusi qeyd edir ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipləri yeni dövlət yaratmaq hüququ deyil. Muxtariyyətin fərqli formalarında özünü idarəetmə təmin oluna bilər. Burada söhbət mədəni muxtariyyət, regional özünü idarəetmə hüququndan gedir. Azərbaycan bu gün də beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin, verilən qərarların əsasında hərəkət edir. Bizim ermənilərin mülki əhalisini qırmaq, öldürmək kimi bir niyyətimiz yoxdur. Ermənistan bu gün ballistik raketlərlə, gecənin bir aləmində Azərbaycanın mülki əhalisini atəşə tutur, uşaqları, qadınları, qocaları hədəf seçir. Bu, onların ideoloji mahiyyətindən irəli gəlir. Ermənilərin indi etdiklərini vaxtilə Hitler, Himler edirdi. Raketlə Britaniyada mülki əhalini faşist Almaniyası vururdu ki, indi həmin terrorçu əməlləri Ermənistan hərbi-siyasi hakimiyyəti həyata keçirir.

- Yeri gəlmişkən, Almaniyanın faşist ideologiyasını təbliğ edən "AfD” Partiyasının nümayəndələri Ermənistana səfər ediblər, Qarabağ separatçıları ilə həmrəy olduqlarını deyiblər.

- Bəli, Ermənistanın mahiyyəti də onlar kimi faşizm üzərindədir. "AfD” nümayəndələrinin ora gəlməsindən belə anlaşılır ki, faşistlər toplaşıblar, ortaq dəyərləri bölüşürlər. Hesab edirəm ki, Azərbaycanın hərbi əməliyyatları özlüyündə siyasi mahiyyət daşıyır. Azərbaycan bu gün məhz sülhü bərqərar etməklə məşğuldur. Dinc ermənilərin Azərbaycanda yaşamaq imkanları indi də var, gələcəkdə də olacaq. Dağlıq Qarabağda muxtariyyət hansı səviyyədə olacaq, bunu Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində təmin etməyə qadirdir.

- Sülh danışıqları ilə məsələ həll olunsaydı, muxtariyyət məsələsi rahat olardı. Faktiki olaraq müharibə gedir və separatçılar müqavimət göstərirlər...

- Mən cəmiyyətin narahatlığını anılayıram. Bu gün Ermənistan tərəfi hər vəchlə danışıqlardan imtina edir, kompromislərdə maraqlı deyil. Rəsmi İrəvanın bir düşüncəsi var - hücum etmək, terror törətmək, işğalçılığı davam etdirmək. Yeni, müasir hərbi avadanlıqlarla döyüşən Azərbaycan Ordusu qarşısında tab gətirməyən işğalçı anlayır ki, bizim çox ciddi arqumentlərimiz var. Azərbaycan güclü dövlətdir, bizimlə təzyiq, təhdid dilində danışmaq mümkün olmayacaq. Beynəlxalq təşkilatlar da istənilən qərarı beynəlxalq hüquq normaları çərçivəsində verməlidir. Rəsmi Bakı qərarların beynəlxalq hüquq normaları çərçivəsində verilməsinə həmişə razı olub. Yenə də deyirəm, Azərbaycan ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilməsi məsələsini beynəlxalq təşkilatlarla müzakirə edə bilər.

- Bu, döyüşlər zamanı Dağlıq Qarabağın mülki əhalisinə Azərbaycan Ordusunun atəş açmamasından da aydın olur...

- Bəli, tamamilə doğrudur. Bizim hədəfimiz, Ermənistandan fərqli olaraq, hərbi obyektlərdir, terrorçu qruplardır. Ordumuz döyüş zamanı müasir texnologiyalardan istifadə edərək, çalışır ki, mülki əhaliyə heç bir zərər dəyməsin. Bu, Azərbaycanın yanaşma tərzidir, prinsipial və mühüm məsələdir.

- Dağlıq Qarabağın separatçı ünsürlərinin mövqeyi aydındır. Bəs, Dağlıq Qarabağın mülki erməni əhalisi Azərbaycanın tərkibində sülh şəraitində yaşamağa razıdırmı, yaxud razı olacaqmı?

- 30 ildən artıqdır ki, Azərbaycanın müxtəlif şəhərlərində, paytaxt Bakıda minlərlə erməni yaşayır. Onların burada hansı hüququ tapdanıb, onlara hansı təzyiq göstərilib?! Təbii ki, heç biri. Normal yaşayırlar. Bir faktı deyim: düşmənin Gəncəyə açdığı raket atəşi nəticəsində yaralananlardan biri - Karina Qriqoryan adlı erməni əsilli qadın yaralandı. Vaxtilə Bakıya səfər edən Ermənistan siyasətçilərini, deputatlarını paytaxtımızın mərkəzində təmir olunmuş erməni kilsəsinə apardıq, gözləri ilə gördülər. Bu, bizim tolerantlığımızın, dinlərə hörmətimizin, humanist olduğumuzun göstəricisidir. Əksinə, ermənilər işğal olunmuş ərazilərimizdəki dini abidələrimizdə heyvan saxlayırlar. Fərq budur. İndi hansı üzlə deyə bilərlər ki, Azərbaycanın tərkibində yaşamaq onlar üçün mümkün deyil?! Bu gün İrəvanda metro stansiyalarında xəritələr yapışdırıblar, həmin xəritəyə baxanda görürsən ki, Ermənistan bütün qonşu dövlətlərə ərazi iddiası irəli sürür. Bunların xisləti budur. Hesab edirəm ki, Dağlıq Qarabağın erməni əhalisi - hansı ki, onlar Azərbaycan vətəndaşlarıdır - onlar papaqlarını qarşılarına qoyub qərar verməlidirlər. Separatçı rejimdən canlarını qurtarıb, normal yaşamaq istəyirlərsə, xunta rejiminə etiraz etməlidirlər. Yeri gəlmişkən, Azərbaycan Ordusu bu gün hərbi əməliyyatlarla həm ərazi bütövlüyümüzü bərpa edir, həm də Dağlıq Qarabağdakı separatçı qurumun əlində əsir-yesir qalan Qarabağ ermənilərini quldurlardan xilas edir. Əslində, Qarabağ erməniləri üçün Azərbaycan qanunları ilə yaşamaq yox, separatçıların yanında yaşamaq təhlükəlidir.
 
İslahat.az