03 Oktyabr 2018
15:45
1855

“Burdan demək istəyirəm ki, biz sehrbaz deyilik, məşqçiyik” – MÜSAHİBƏ


Nurlan Həsilov
: "Ora-bura xərclədiyiniz pulları öz bədəniniz və sağlamlığınız üçün xərcləyin. Öz başınıza deyil, sırf peşəkar məşqçi nəzarəti altında məşq edin və nəticə görün”.

Qartal İdman Klubunun məşqçisi, fitnes və bodibildinq mütəxəssisi Nurlan Həsilovun İslahat.az xəbər portalına müsahibəsini təqdim edirik.

Azərbaycanda bodibildinq idman növü hazırda hansı səviyyədədir?

Əvvəllər bu idman növü ölkəmizdə tanınmırdı. İllər ötdükcə daha da inkişaf edib. Xarici ölkələrlə müqayisə etsək orta səviyyədədir.

Sizi bu növ idmana hansı hadisə gətirib?

Keçmişdə başqa idman növləri (kikboksinq, muaythai) ilə də məşğul olmuşam. Ümumi götürsək, 3 ilə yaxın. Amma sonra ali məktəbə hazırlıq və daha sonra hərbi xidmətdə olduğum üçün və aldığım zədəyə görə uzaqlaşmalı oldum. Hadisə deməyək, bu idmana gəlişim dostum Hüseynin təşəbbüsü ilə olub. İlk məşqim məhz onunla olub. Hazırda o başqa idman zalında, mən isə Qartal İdman Klubunda işləyirəm. İşimlə bağlı arzumuz daha irəli getmək olub.

Hazırda bu idman növü dəb halını alıb. Buna səbəb nədir?

Düz vurğuladınız. Dəb halını alıb. Səbəb sağlam düşüncəli insanların artması ilə əlaqədardır. Yəni ki, loru dildə desək "haqqın yolunu tapıblar". Əvvəllər çox az idi bu idmanla məşğul olanlar. Sonradan məşğul olan insanları gördükcə daha da maraq artıb. Ən əsasda biz idmançıların paylaşımları və motivasiyası çox böyük rol oynayıb.

Daha yaxşı bədənə sahib olmaq üçün pəhriz yoxsa idman?

Daha yaxşı bədənə sahib olmaq üçün ilk öncə qidalanmaya fikir vermək lazımdır. 70% qidalanma, 30% isə məşq, təqribi bu nisbətlə götürülür. Bu individual bir şeydir. Hər orqanizmin də özünə uyğun qidalanması olmalıdır.

Arıqlamaq üçün pəhrizin ağır şərtlərinə ehtiyac varmı?

Bu mövzuya yaxşı toxundunuz. Cəmiyyətimizdə belə bir düşüncə var, "az yesəm, tez arıqlayacam”, "gündə 1 dəfə yemək yeyirəm, amma, arıqlamıram" kimi fikirlər var. Vurğuladığım kimi bu individual bir şeydir. Bu işdə məsuliyyət biz məşqçilərə və dietoloqlara düşür. Təbii ki, düzgün məşqçi və dietoloqlara.

Son dövrlərdə bariatrik (mədə kiçiltmə əməliyyatı) əməliyyat vasitəsi ilə də arzularına çatan insanlar var. Buna münasibətiniz nədir?

Son zamanlar bu əməliyyatın belə dəb halı almasına, geniş yayılmasına səbəb tez bir zamanda nəticənin əldə olunması ilə bağlıdı. Artıq çəkisi olan bəzi insanlar müxtəlif pəhriz proqramlarından istifadə edib, nəticə əldə edə bilməyən və itirdikləri çəkini tez bir zamanda geri yığdıqları üçün müraciət edirlər.

Azərbaycanda və dünyada bu idman növünü müqayisə etsək, nələri vurğulayarsınız?

Müqayisə etsək, inanın ki, yetərincə nüanslar vurğulamaq olar. Əminəm ki, gələcəkdə Azərbaycanda da bu idman növü daha kütləvi olacaq, daha da inkişaf edəcək. Necə ki, hazırda inkişafdadır.

Bu idman növü ilə məşğul olmaq istəyən insanlar nələrə diqqət etməlidirlər?

Bu idman çox kaprizli və gəlir tələb edən idman növüdür. Belə deyim ki, bizlər bu idmandan çox şey tələb edirik, qarşılığında bu idman növünün də bizdən tələbləri var. Biz istəyirik ki, bədənimiz istədiyimiz formada olsun, istədiyimiz nəticəni ala bilək və bunun qarşılığında idman da bizdən ən əsas düzgün qidalanmanı ( buna əlavə idman qidaları da daxildir) və düzgün məşq prosesini (bədən tipinə uyğun) tələb edir. Bunların ikisi bir arada olanda hər şey öz axarı ilə davam edir. Əgər, hansısa yerdə axsama varsa, o zaman bu idman bizimlə "yola getmir".

Bu idman növünün mənfi tərəfləri hansılardır? Hər bir işin xeyri olduğu kimi, ziyanı da var.

Razıyam sizinlə. Hər bir işin xeyri olduğu kimi, ziyanı da var. Bu idmanda aşırı dərəcədə orqanizmə yüklənmə olmasa zərəri olmaz. Xüsusilə, insanlar tərəfindən çəki salmaq, formada qalmaq, yağları əzələyə çevirmək üçün istifadə edilirsə və idarəli bir şəkildə aparılırsa, qətiyyən zərəri olmaz. Amma aşırı dərəcəyə çatanda faydalar müəyyən zərərlərə çevrilə bilər. Məsələn, yüksək səviyyədə ağırlıqların qaldırılması. Bu da oynaq yerlərində zərərlərə yol açır və bu zərərlərin aradan qaldırılması da mümkün deyil. Nəticədə əzələlərdə vətər qopmaları və lif qopmaları meydana gəlir.

Nə qədər müddət sonra dəyişikliyi görmək olur?

Nəhayət ki, bu "möhtəşəm" sualı siz də verdiniz. İnanın ki, idman zallarına yeni yazılan müştərilərin demək olar ki, 98%-i ilk bu sualı verir. İnkişafın gec və ya tez olması sizin genetikanızdan asılıdır. Elələri var ki, 1 ay məşq etdikdən sonra loru dildə desək "şişirlər", elələri də var ki, onlara ilkin nəticəni əldə etmək üçün 5-6 ay lazım olur. Belə deyim ki, əgər məşqçinizin, peşəkar məşqçi nəzərdə tutulur, məsləhətlərinə qulaq assanız, dediklərinə riayət etsəniz, maksimum 3-cü, ən geci isə 4-cü ayda güzgüdə nəzərəçarpacaq dəyişikliyi görəcəksiniz. Bundan əlavə, inkişaf etmək sizin məşqə olan istəyinizdən, çalışqanlığınızdan və iradənizdən asılıdır. Bunun üçün yuxu rejiminə riayət etmək, gün ərzində maksimum 5-6 dəfə qidalanmaq (hər 2-3 saatdan bir), içki məclislərindən uzaq durmaq və müntəzəm şəkildə sağlam həyat tərzi keçirmək lazımdır.

Protein içməklə bağlı fikirlər birmənalı deyil. Hər kəs proteinin zərərlərindən danışır. Ümumiyyətlə, idman edərkən protein içmək mütləqdirmi?

Növbəti məşhur sualı verdiniz. 21-ci əsrdə yaşayırıq və çox təəssüf ki, hələ də protein ziyandı fikri ilə yaşayan cəmiyyətimiz var. Bunu idmandan başı çıxmayan, işi-gücü olmayan, boş-bekar adamlar, başqalarının inkişafını görüb, paxıllıq edənlər, "Proteinlə şişmisən də… Mən içsəm, mən də şişərəm" deyən savadsız insanlar formalaşdırıb. Hətta vitrində satılan digər idman qidalarına da protein deyənlər var. Bu idman qidalarının (Energetiklər, yağyandırıcılar, amino turşuları və s.) hər birinin öz xüsusiyyəti var. Qəbuluna gəldikdə isə bəli, bu individual bir şeydir və hər bir qablaşdırmanın üzərində "Service Dosage" bölməsində nə qədər qəbul olunması, aşağı (yeni başlayanlar üçün), orta (3 aydan çox məşq edənlər üçün) və yüksək (professionallar üçün) dərəcədə qəbulu da qeyd olunur. Bəli məşqdən təxmini 25-30 dəqiqə öncə və dərhal sonra qəbulu vacibdir. Bu şəkildə riayət edildikdə heç bir ziyanı yoxdur.

Bu idman növündə hansı zədələr məşhurdur? Onlardan xilas olmağın hansı yolları var?

Bu zədələrin yaranma səbəbi yerinə yetirilən hərəkətin düzgün texnika ilə icra olunmaması, düzgün məşq proqramının olmaması və zədəyə meyilli olmaqdan irəli gəlir. Ən çox çiyinlər, dirsəklər və dizlərdə rast gəlinir. Qarşısı alınması mümkündür, lakin, baxır zədənin dərinliyinə.

Xanım tələbələrinizlə çalışmaq çətindirmi? Daha çox şikayətləri nədir?

Bu mövzu üçün ayrıca müsahibə olmalıdır, çünki qeyd ediləsi çox məqamlar var. Xanımlar biraz kaprizli olurlar, elə hərəkətlər var ki, onları etməkdən çəkinirlər. Buna da səbəb idman zallarında əks cinsin nümayəndələrinin olması ilə bağlıdır. Çətinliyə qalsa, mənə görə çətin deyil bir mərhələyə qədər hansı ki, hərəkətləri tam icra edənəcən. Ondan sonra isə heç bir çətinlik görmürəm. Hər şey öz axarında davam edir. Etirazlara gəldikdə isə vaxtından tez nəticə görmək istəyirlər. Burdan demək istəyirəm ki, biz sehrbaz deyilik, məşqçiyik.

Bu idman növündə keçirilən yarışlar müntəzəm olurmu?

Ötən illərə baxanda bəli müntəzəm olur. Hər ilin Noyabr və may aylarında keçirilir. Arzu edirəm ki, yarışların sayı daha çox olar. Başqa təşkilatlar da bu marafona qoşular və bizlər daha da həvəslə hazırlaşarıq.

Keçirilən yarışlarda çatışmayan cəhətlər hansılardır?

Keçirilən yarışlarda maddi cəhətdən çatışmazlıqlar var. Yəni ki, o qədər çəkilən əziyyətin və çəkilən xərclərin qarşılığı olsa, daha yaxşı olar. Səbəb isə bu idman növünə vəsaitin ayrılmamasıdır. Çünki, bu idman növü bizdə beynəlxalq dərəcədə deyil. Kütləvi axın olsa, çox güman ki, artıq vəsait yatırılar. Artıq bu son yarışlarda qalibə pul mükafatı da təqdim edilir.

Bu sahədə hansı dəyişiklikləri etmək istəyərdiniz?

Bu işlə artıq Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının Prezidenti Rauf Bünyatəliyev və vitse-prezident Cəmil Bünyatəliyev sıx məşğul olduqlarına görə, əvvələ baxanda indi çox yeniliklər və dəyişikliklər edilib, edilməkdə də davam edir.

Gələcəkdə bu idman növü ilə məşğul olmaq istəyən insanlara hansı tösiyyələriniz var?

Bu idman növü maddiyyat tələb edən idman növüdür. Hər kəs sona qədər bacarmır. Tövsiyəm budur ki, "5 günlük dünyadı, ye-iç kef elə" düşüncələrini başlarından atıb, sağlam həyat tərzinə üz tutsunlar. 5 günlükdürsə, sağlam həyat tərzi yaşayın ki, ömrünüz 50 ildən çox olsun. Ora-bura xərclədiyiniz pulları öz bədəniniz və sağlamlığınız üçün xərcləyin. Öz başınıza deyil, sırf peşəkar məşqçi nəzarəti altında məşq edin və nəticə görün. Məndən bu qədər. Sonda sizə və məni izləyən, sevən və dəstəkləyən insanlara təşəkkürümü bildirirəm. Yaxın zamanlarda yeniliklərlə qarşınıza çıxacam. Sağolun, gələn görüşlərədək.


İslahat.az