27 Avqust 2021
16:09
21257

Bu sığortanı etdirənlər 5000 manata yaxın pul alır

2021-ci ilin yanvar-iyul ayları ərzində könüllü toplanan həyatın yaşam sığortasının məbləği maksimum həddə çatıb. 
 
İslahat.az Mərkəzi Banka istinadən bildirir ki, 7 ayda toplanan məbləğ 170 milyon manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 milyon manat və ya 25,6 faiz çoxdur. 

Könüllü yaşam sığortası üzrə toplanan məbləğ artmaqla bərabər ödənişlər də artıb. Bu ilin 7 ayında ödənişlərin məbləği 175 milyon manata yüksəlib. Ötən il ödəniş məbləği 38 milyon manat, yaxud 27,7 faiz artıb. 

Bu il könüllü sığorta üzrə toplanan 365 milyon manat vəsaitin 46,57 faizi, həyat sığortası üzrə yığımların 87,7 faizi yaşam həyat sığortası hesabına toplanıb. 

Müqayisə üçün bildirək ki, 2016-cı ilin 7 ayında həyatın yaşam sığortası üzrə toplanan məbləğ 52 milyon manat, sığorta ödənişləri 39,5 milyon manat olmuşdu. 

Bəs, həyatın yaşam sığortasına maraq niyə böyükdür? 

Bu sığorta növünə marağın böyük olmasına səbəb onun yığım imkanı yaratmasıdır. Qanunvericiliyə əsasən həyatın yaşam sığortası müqaviləsi minimum 3 il müddətinə bağlanılır və bu müddətdə sığortalananın ödədiyi pul, həmin pula görə hesablanan dividentlər yekunda onun özünə qaytarılır. Digər sığorta növlərində ödədiyin pulun sığorta hadisəsi olmadan geri alınması imkanı yoxdur. 

Müqaviləyə uyğun olaraq işçinin əmək haqqının bir hissəsi, eyni zamanda əməkhaqına görə tutulan vergi, məcburi dövlət sosial sığorta ödənişləri sığorta şirkətində açılan hesaba toplanır. Hesabdakı vəsaitin üzərinə əlavə faiz də gəlir.  Bağlanan müqavilədə əvvəlcədən sığortaolunanın müddət bitdikdən sonra nə qədər pul alacağı göstərilir.  

Məsələn, maaşından hər ay 100 manat ödəyən şəxs 3 ilin sonunda 4600-4800 manat sığorta pulu alır. Şərtlər cəlbedici olduğundan həyatın yaşam sığortasına maraq artır. Hazırda 4 şirkət bu sığorta məhsulunu tətbiq edir.
İslahat.az