19 Avqust 2021
12:26
21204

Bu məhsullar ucuzlaşacaq

Dollarda bahalaşma son 9 ayın ən yüksək səviyyəsinə yüksəlib. ABŞ dollarının ortaq məzənnəsini ifadə edən Dollar İndeksi 93,45 səviyyısinə çatıb. Bu səviyyə sonuncu dəfə 2020-ci ilin noyabrın əvvəlində qeydə alınmışdı.

İslahat.az bildirir ki, dolların bahalaşması ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyul iclasının protokollarını dərc etməsindən sonra baş verib. 

FED protokolları göstərdi ki, ucuz pul siyasəti 2021-ci ilin sonuna kimi dayandırıla bilər. 2020-ci ilin dekabrından FED hər ay 80 milyard dollarlıq dövlət istiqrazı, 40 milyard dollar ipoteka krediti ilə dəstəklənən qiymətli kağız alır. Ay ərzində 120 milyard dollarlıq qiymətli kağız alınmasında məqsəd ABŞ-da məşğulluq və inflyasiya səviyyəsini arzulanan hədə çatdırmaqdır. Açıqlanan məlumatlar göstərir ki, FED hədəfinə yaxınlaşıb. Buna görə də növbəti ildən istiqraz alışı ya dayandırılacaq, ya da miqdar xeyli azaldılacaq. 

Qiymətli kağızların alınmasının dayandırılması pul təklifini azaltdığından dolların bahalaşması ehtimalını yaradır. Bu əlaqəni nəzərə alan ekspertlər proqnozlaşdırır ki, ilin sonuna qədər dolların kursu bir qədər də yüksələcək. 

İndeksin yüksəlməsi dolların digər valyutalarla olan məzənnəsində də müşahidə edilir. Bir dollar 128,55 yapon yeninə, 74 rus rubluna kimi yüksəlib, funt sterlinq 1,3714 dollara, avro isə 1,168 dollara qədər ucuzlaşıb.

Dolların bahalaşmasının Azərbaycan manatına təsiri olmayacaq. Çünki ölkəmizdə dollar/manat kursu inzibatı yolla müəyyənləşir. Azərbaycanın tədiyə balansında profisit olduğuna görə dolların bahalaşma ehtimalı yaxın dövrdə gözlənilmir. 
Bahalaşan dollar neftin və qızılın dəyərini azaldıcı təsir göstərir. Bu əlaqə ölkəmizin xarici valyutada olan gəlirlərinə və Dövlət Neft Fondunun aktivlərinə mənfi təsir göstərəcək. 

Lakin dolların bahalaşmasının müsbət tərəfləri də var. Belə ki, dollar bahalaşdıqda dünyada əmtəə qiymətləri ucuzlaşmaya meyilli olur. Xüsusən avronun ucuzlaşması Avropa Birliyi ölkələrində istehsal edilən malların dəyərini aşağı salır ki, bu da Azərbaycana idxal edilən malların bir qədər ucuzlaşmasına şərait yaradacaq. 

İslahat.az