24 Oktyabr 2020
14:55
1842

Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu - Nazir

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb.

İslahat.az-ın məlumatına görə, nazir bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu.

Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində həlak olub.

Digər şagirdimiz Artur oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!
 
İslahat.az