02 Dekabr 2018
15:04
2965

Bu gün AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılacaq

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

İslahat.az report-a istinadla məlumat verir ki, İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edəcək.

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.

AVRO-2020-nin səbətləri

Mİllətlər Liqası səbəti:

İsveçrə, Portuqaliya, Hollandiya, İngiltərə

1-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa

2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail

4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan

5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer adaları

6-cı səbət: Litva, Lixtenşteyn, Andorra, Malta, San Marino

AVRO-2020-nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlanacaq.

1-ci tur: 21 - 23 mart

2-ci tur: 24 - 26 mart

3-cü tur: 7-8 iyun

4-cü tur: 10-11 iyun

5-ci tur: 5 - 7 sentyabr

6-cı tur: 8 - 10 sentyabr

7-ci tur: 10 - 12 oktyabr

8-ci tur: 13 - 15 oktyabr

9-cu tur: 14 - 16 noyabr

10-cu tur: 17 - 19 noyabr

Hər qrupda ilk 2 yeri tutmuş komandalar final mərhələsinə yüksələcəklər. AVRO-2020-yə son 4 vəsiqəni isə UEFA Millətlər Liqasında qrup qalibləri olan komandalar 4 liqa üzrə müəyyənləşdirəcəklər. Pley-off oyunları 2020-ci il 26 - 28 martda, final qarşılaşmaları isə 29 - 31 martda olacaq.

AVRO-2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.