08 Aprel 2022
11:40
20635

Brüssel görüşü Azərbaycanın diplomatik qələbəsidir - RƏY

Cənubi Qafqaz regionunda yaranmış yeni iqtisadi və siyasi konfiqurasiya dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq iqtisadi təşkilatların diqqət mərkəzindədir.
Bu, bir daha təsdiq edir ki, Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycanın yaratdığı yeni regional geosiyasi və geostrateji reallıqlar bu proseslərin əsas istiqamətini və dinamikasını müəyyən edir, Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldir.

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr proseslərin ölkəmizin mənafelərinə uyğun cərəyan etdiyini göstərir. Brüssel görüşü Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin yüksək səviyyədə və artan dinamika ilə inkişaf etdiyinin nümunəsidir.

İslahat.az xəbər verir ki, bunu "Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Beləliklə, Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilən sülh danışıqlarının növbəti mərhələsi nəticəsiz olmadı, gündəliyə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu. Son proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Müqayisə üçün deyə bilərik ki, əvvəlki dövrlərdə Avropa İttifaqı "Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin maraqlarını nəzərə almağa həvəsli deyildi. Azərbaycanın müstəqil davranışları və xüsusən İkinci Qarabağ müharibəsindəki qələbəsi isə Brüsseli mövqeyinə yenidən baxmağa məcbur etdi və İkinci Qarabağ müharibəsindəki parlaq qələbə Aİ-ni regiona münasibətini dəyişməyə sövq etdi. Brüssel yeni yaranmış geosiyasi mənzərəyə nüfuz etmək üçün daha fəal olmaq xəttini seçdi. Bunun nəticəsidir ki, Brüsseldəi mzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. İmzalanmış sənəddə əks olunan məqamlara əsasən əminliklə demək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub və üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Xüsusilə də qeyd olunmalıdır ki, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb. Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında "Dağlıq Qarabağ” ifadəsi işlədilmir, eyni zamandaFərrux kəndi ətrafında proseslərədə toxunulmaması Avropa İttifaqınınartıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşdığından xəbər verir.

Bəyanatda həmçinin ATƏT-in Minsk qrupunun da adının çəkilməməsi Azərbaycanı tam təmin edir. Bu, artıq Minsk Qrupunun da tarixdə qaldığını göstərir. Çünki artıq indiki şərait postmünaqişə dövrünü ifadə edir. Posmünaiqşə dövründə yeni reallıqlar yaranıb, bu reallıqlar çərçivəsində yeni təşəbbüslər və platformalar meydana çıxıb. Belə şəraitdə Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır.

Ümumilikdə Brüssel görüşü Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycanın güclənən mövqeyi görüşdə imzalanan Bəyanatın müddəalarında öz əksini tapıb. Bütün bunlar göstərir ki, rəsmi Bakı Brüssel görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu.

İslahat.az