22 Sentyabr 2020
09:19
1375

Bir həftədə 2 milyona yaxın insan virusa yoluxub - ÜST

Sentyabrın 14-dən 20-sinə kimi dünyada koronavirusa yoluxanların sayı 2 milyona yaxın artıb.

İslahat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, bu müddət ərzində COVID-19-un yaratdığı xəstəlikdən 37,7 min nəfər həyatını itirib. Həftəlik bülletendə qeyd olunduğu kimi, virusa yoluxanların rəsmi sayı 30,6 milyonu keçib ki, bu da əvvəlki həftəyə nisbətən təxminən 2 milyon və ya 6 faiz çoxdur.

Son yeddi gün ərzində təşkilata 37,7 min insanın ölümü haqqında məlumat daxil olub, bu da 7-13 sentyabr tarixlərinə nisbətən 10% azdır. 20 sentyabr tarixinə qədər ÜST, koronavirus səbəbiylə 950 min insanın ölümü haqqında məlumatları təsdiqləyib.

Ən pis epidemioloji vəziyyət Amerika qitəsində müşahidə olunur, burada xəstələrin sayı ötən həftə ilə müqayisədə 38 faiz artıb. Eyni zamanda, həmin dövr ərzində ölüm sayı 22 faiz azalıb. Avropada isə koronavirusdan ölüm halı çoxalıb.
 
İslahat.az