27 Sentyabr 2021
20:13
21225

Bir gözü gülər, bir gözü ağlar, qürur dolu il…

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim…

Uşaqlıq dövrü  90-cı illərə təsadüf edən bütün uşaqlar bu şeiri çox güman ki əzbərə bilir. 1-ci Qarabağ müharibəsinin ağrı-acısı, qaçqınlıq həyatının sərt üzü, torpaqların 20 faizindən çox hissəsinin işğal altında olması həqiqəti onları  vaxtından əvvəl böyütmüşdü.

Bütün uşaqlığımız rayonlarımızın işğal tarixlərini əzbərləmək, həmin tarixlərin ildönümlərində məktəbdə keçirilən tədbirlərdə şeir demək, dəvət olunan şəhid ailələrinin gözyaşlarına şahidlik etməklə keçmişdi.. O şəhid yaxınlarının bükük boyunları  qarşısında duyduğumuz xəcalət hissini illərlə unuda bilmədik.   Şəhidlərin qanlarının yerdə qalmışdı, uğruna can verdikləri amala çata bilməmişdik, torpaqlarımızın işğal altından azad etməmişdik..  Bütün bunlar onların  ruhunun rahatlıq tapmaması demək idi və bizlər də bunu çox gözəl bilirdik..   Bu hisslərdən daha dəhşətlisi isə, bu dərdin özümüzdən sonrakı nəsillərə ötürüləcək olması qorxusu idi.

Ən çətini ümumiyyətlə bu konfliktdən sonra doğulmuş azyaşlılara acı reallığı izah bilmək idi. Qorxurduq  ki, illər, onilliklər bu dərdi onlar üçün yadlaşdıracaqdı. Qorxurduq ki, gün gələcəkdi, yeni nəsil üçün ümumiyyətlə Qarabağ, şəhid, torpaq təəssübü anlayışları heç nə ifadə etməyəcəkdi..

Necə də yanılmışdıq…

Heç demə, bu yerlərin insanlarının ürəklərində Vətən sevgisi heç sönməzmiş, sən demə, bu torpaqların oğullarının şəhid təəssübü heç bitməzmiş… Heç demə, bu xalqın qadınlı-kiçili, qocalı-cavanlı milliyyətindən asılı olmayaraq, bütün nümayəndələrinin ürəyində Qarabağ yanğısı heç dinməyibmiş…

Məgər bizə Zəfəri yaşadanların mütləq əksəriyyəti konfliktin dondurulmasından sonra doğulmuş balalar olmadımı ?

Beləcə, ötən ilin payızında, kortəbii şəkildə yaddaşlarımızda həkk olunmuş yuxarıdakı misraların sadəcə şeir parçası olmamasının hamımız şahidi olduq. Dar günündə onları səsləyən, onlara ehtiyacı olan Vətənlərini tək qoymayan oğullar, Məmməd Araz dediyi kimi, mamır olub qayalarda bitdilər, keçilməz sədləri aşaraq, az qala yalın əllə düşmənin üzərinə yürüdülər, onları torpaqlarımızdan qovdular…Bizə 27 ildir həsrətində olduğumuz zəfəri yaşatdılar..

Zəfər gününə aparan 44 günlük müharibədən bizi bir il ayırır. Nələr dəyişdi bu bir ildə, ilahi..

Qarabağımıza həyat qayıdır. Artıq ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Füzuli aeroportu tikilib başa çatmaq üzrədir, Zəngiilanın köhnə sakinlərinin oraya köçürülməsinə başlanılır.. Milli Musiqi günümüz dahi Üzeyir bəyin doğum günündə elə onun öz dogma yurdunda-Şuşamızda keçirilir, Cəbrayılda, Ağdamda "ağıllı kənd” layihələri realaşdırılır. Bütün bunlar yuxu kimi gəlir bizə.. Çox yox, cəmi bir il əvvəl hansımıza bunu desə idilər, inanardıq görən?

Övladlarımız üçün aldığımız məktəbli gündəlikləri də dəyişib bu il. Artıq boz, xəcalət dolu işğal tarixləri yoxdur orda.. Əvəzində Şanlı Ordumuzun qazandığı Zəfər tarixləri bəzəyir gündəlikləri… Ağ səhifələri vərəqlədikcə, sentyabrın 27-sinə doğru yaxınlaşdıqca, ürəklərimiz titrəyir, əllərimiz əsir.. Gözlərimizin önündə düz bir il bundan əvvəl başlayan hadisələr canlanır.

Babalarımız xeyir və şər qardaşdır deyəndə, bunumu nəzərdə tuturmuşlar görən?  Səhifələr irəlilədikcə gözlərimizdən axan yaş, ürəklərimizi bürüyən kədər artır.. O rayonların hər kəndinin azad olunması xəbərlərini aldığımız Ali baş Komandanın tvitlərini həsrətlə gözlədiyimiz günlərə qayıdırıq, hər tvit gəldikdə sevincimizdən dəliyə döndüyümüz o müdhiş anları sanki yenidən yaşayırıq.  Lakin o kəndlərin hər qarışının necə böyük itkilər hesabına əldə etiyimiz də düşür yadımıza ..  Hər gün hər rayona, hər kəndə gələn şəhid nəşləri, izdihamlı dəfnlər, anaların fəryadı, ataların titrəyən əlləri ilə oğlunun tabutuna bükülüb gəlmiş üçrəngli bayrağı təhvil alıb öpərək gözlərinin üstünə qoyması…

Rayonlarımızın azad olunma tarixləri bir-birini əvəz etdikcə,  onların hər birində şəhid düşmüş qəhrəman balalarımızın adları da gəlir ağlımıza. "Terminator” ləqəbli Mehrab, şir ürəkli Cəbrayıl, düşmənlə əlbəyaxa saatlarla döyüşən Nəcəf, eyni gündə şəhid olmuş İman və Bəhrəm qardaşları, döyüşə gedərkən son rəqs videosu ilə hamımızı qəhərə boğan Fədail, çalışdığım doğma fakültəmin nümunəvi məzunlərından nur üzlü Ceyhun və 3000-ə yaxın hamısı bir-birindən seçmə oğullar…. Anlayırıq ki, məktəbli gündəliyindəki hər bir rayonun azad olması haqqında olan cümlədəki kəlmələr 100-lərlə şəhid qanı ilə yazılıb, hər hərfində 1000-lərlə qazi yarası,  1000-lərlə şəhid anasının, atasının, övladının, həyat yoldaşının yarımçıq qalmış taleyi var. Anlayırıq ki, bizlər üçün hər şey nomala qayıtsa da, onlar üçün artıq heç nə əvvəlki kimi olmayacaq. Və anlayırıq ki, bizlər, təqvimin o səhifələri ilə qürur duyduğumuz müddətcə onlara minnətdar olacayıq.

Şəhidlərimizin əziz xatirəsinin ildönümü ərərfəsində onların ruhu qarşısında  hesabat verərkən utanmırıq. Uğruna can qoyduqları amala çatdığımıza görə, işğalçılardan azad etdikləri torpaqlarımızı abadlaşdırmaq, əsl sahiblərinə qaytarmaq üçün dayanmadan çalışdığımıza görə, bizə əmanət qoyub getdikləri əzizlərindən, ailələrindən sevgini, diqqəti, şəfqəti əsirgəmədiyimizə görə. Bilirik ki, onların ruhları da həsrətlə 27 sentyabrı gözləyir.  Ziyarətlərinə gələn  torpaq həsrətinə son qoyduqları xalqının gözündəki səbəbkarı olduqları o qüruru, o sevinci görə bilmək üçün.

Ruhunuz şad olsun, igid oğullar! Rahat uyuyun, canınızı bütövlüyü uğrunda qurban verdiyiniz bu Vətən, qəhrəmanlıq dastanlarınızla böyüyən gənc nəsilə əmanətdir!Bilin ki, bir daha heç kəs bu xalqın torpağına göz dikə bilməz, onu  əllərindən almağa cəsarət edə bilməz. Bu, bizim sizin ruhunuz qarşısında şərəf sözümüzdür!

Allah rəhmət etsin!

Əsmər Əlimusa qızı Əliyeva

BDU-nun hüquq fakültəsinin dosenti,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi

İslahat.az