28 Dekabr 2020
14:48
2415

Binəqədi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Binəqədi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib.

İslahat.az xəbər verir ki, 26 dekabr 2020-ci il tarixində Binəqədi rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin dəstəyi ilə Dərnəgül Yaşayış Massivi ərazisində ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

Keçirilmiş ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Bakı Şəhər İcra Hakimiyyəti və RİH başçısı Aparatının məsul əməkdaşları, YAP Binəqədi Rayon təşkilatının rəhbərliyi iştirak etmişdir.

Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilmişdir. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.

İctimaiyyət nümayəndələri ümumilikdə 3000-dən çox müxtlif növ ağac əkmişlər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.

İslahat.az