31 Oktyabr 2020
14:25
1686

Beynəlxalq təşkilatların törədilən terrorları təsdiqləməkdən başqa çıxış yolları yox idi

Oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini kasetli raketlərlə atəşə tutması nəticəsində 21 nəfər günahsız dinc sakin həyatını itirdi, 70-dən çoxu isə yaralandı.

"Human Right Watch” və "Amnesty İnternational” beynəlxalq təşkilatlarının ermənilərin Azərbaycanda törətdikləri cinayətləri təsdiqləməsi ilə ölkəmiz Azərbaycan həqiqətlərini, eləcə də erməni terrorunun mahiyyətini dünyaya çatdırılmasına nail ola bilib.  Nəhayət dünya Ermənistanın hərbi-siyasi rəhbərliyinin antiinsani, faşist siması haqqında danışmağa başlayıb. Bərdəyə, bundan əvvəl Gəncəyə, Tərtərə, Goranboya, Mingəçevirə düşmən tərəfindən atılan kasetli bombalarla bağlı kifayət qədər faktlar mövcud olsa da, Azərbaycana ən yaxın münasibətlərdə olan ölkə KİV-lərindən başqa, bu vandalizmə  kimsə lazımi  diqqət yetirmirdi.

İslahat.az-ın məlumatına görə, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə mövzu ilə bağlı "İki sahil”ə açıqlamasında bildirib ki, bu beynəlxalq təşkilatların törədilən terrorları təsdiqləməkdən başqa çıxış yolları yox idi: "Əsas beynəlxalq təşkilatların uzun illərdir Xocalı soyqırımına hüquqi qiymət verməmələri və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması yönündə zəruri addımlar atmamaları ona gətirib çıxardı ki, dünyada ümumiyyətlə, beynəlxalq təşkilatlara inam itib. Özlərinin qəbul etdikləri sənədlərin icrasını təmin etməyən, öz dəyərlərinin müdafiəsi ilə bağlı ikili standartları nümayiş etdirən, hüququn aliliyini bərqərar etmək istiqamətində heç bir şeyə qadir olmayan beynəlxalq təşkilatlar çox güman ki, məhz gücün aliliyini tanıyırlar və gücün aliliyinə inanırlar. Bu gün Azərbaycan Silahlı Qüvvələri BMT-nin qətnamələrinin icrasını yekunlaşdırmaq üzrədir. ATƏT-in Minsk qrupunun prinsiplərini sülhməramlı əməliyyatlarla həyata keçirir. Ümidvarıq ki, hərbi cinayətləri törədən qatillərlə bağlı ədalət hökmünü də Azərbaycan Silahlı Qüvvələri verəcək. "
 
İslahat.az