30 Sentyabr 2021
12:29
21629

Beynəlxalq Olimpiya Komitəsinin tədbirində ölkəmizi hansı idmançılar təmsil edəcək? - FOTO

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının bu ilin aprelində müəyyənləşən yeni tərkibdə ilk əyani iclası keçirilib.

İslahat.az xəbər verir ki, görüşdə idmançılar ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında əlaqələndirici rol oynayan Atletlər Komissiyasının vəzifələri və planları haqda fikir mübadiləsi aparılıb.

Olimpiya hərəkatı ilə bağlı qəbul olunan qərarlarda idmançıların fikirlərinin də nəzərə alınması üçün Atletlər Komissiyasının fəallığının vacibliyi vurğulanıb.

MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov bildirib ki, BOK, Avropa Olimpiya Komitəsi (AOK), eləcə də digər ölkələrin Milli Olimpiya komitələrinin Atletlər Komissiyaları, ölkəmizin milli idman federasiyaları və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə qarşılıqlı əlaqə əsasında müxtəlif layihələr reallaşdırmaqla Atletlər Komissiyası idmançıların həyatlarında əhəmiyyətli rol oynaya bilər.

MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov bildirib ki, Atletlər Komissiyası idman və qeyri-idman karyeralarında idmançıların inkişafına imkan yaradan, karyeralarını yüksək nailiyyətlərlə başa vurmuş olimpiyaçılara dəstək məqsədilə ictimai layihələr reallaşdıran əhəmiyyətli komissiya ola bilər.

Komissiyanın sədri Rüstəm Orucov (cüdo), üzvləri isə Səbina Mikina (qılıncoynatma), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), Nazim Babayev (atletika), Rəsul Çunayev (yunan-Roma güləşi) və Fatimə Alkərəmovadır (üzgüçülük).

Atletlər Komissiyasının iki üzvü - Fəridə Əzizova (taekvondo) və Nazim Babayev (atletika) Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək atletlərin 6-cı Assambleyasına qatılacaq. Bu haqda iclas iştirakçılarına MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev məlumat verib.

İclasda həmçinin assambleyada Azərbaycan nümayəndə heyətinin qaldıracağı məsələlər də müzakirə olunub.

İslahat.az