23 Avqust 2021
16:29
21242

“Başqa ölkələr vaksin almağa pul tapmır, bizdə isə zibilliyə atırlar...” – Həkimdən etiraz

"Hazırda vurdurulması nəzərdə tutulan iki doza ilə problem həllini tapsa, növbəti 4-5-ci doza vaksinasiyaya lüzum qalmayacaq”.

İslahat.az xəbər bu sözləri Sfera.az-a açıqlamasında 4 və hətta 5-ci doza peyvəndin vurdurulmasına ehtiyacın yarana biləcəyilə bağlı səslənən fikirlərə münasibət bildirərkən tibb elmləri doktoru, həkim Aydın Əliyev deyib:

"İnsanlarımız möcüzəli proqnozları eşitməyi xoşlayır. Amma məsələ elədir ki, hər zaman situasiyaya baxılmalı, ona uyğun addım atılmalıdır. Pandemiya indiyə qədər vurulan 2 doza nəticəsində yekunlaşmasa ola bilsin, növbəti dozalara da ehtiyac yaransın. Bunun heç bir təhlükəsi yoxdur. Özüm üçüncü dozanı qəbul etmişəm. Heç bir problem yoxdur. Belə şeydən çəkinmək lazım deyil.  Hazırda vurdurulması nəzərdə tutulan iki doza ilə problem öz həllini tapsa, növbəti 3-5-ci dozalara da lüzum qalmayacaq. Çünki dövlət peyvəndi havayı almır. Dövlətə də vəsaiti peyvəndə xərcləmək xoş deyil. Amma məcburdur”.
 
 
Həkim Azərbaycanda vaksin almaqla bağlı problem olmadığı halda, saxta vaksin pasportunun geniş yayılması və nəticədə müəyyən hissə vaksinlərin zibilliyə atılmasından narahatlığını da ifadə edib:

"Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri elan etdi ki, peyvəndin bölüşdürülməsi məsələsində ədalətsizlik hökm sürür. Bir çox ölkələrin peyvənd almağa imkanı yoxdur. Azərbaycanda isə belə bir problem yoxdur. Ona görə də onun qədrini bilməli, vaksinasiya olunmalıyıq. Saxta peyvənd pasportunun alınması o deməkdir ki, həmin adamın adına peyvənd ayrılır, amma vurulmur və bu vaksin zibil qutusuna atılır. Əksər ölkələrin peyvənd əldə etməyə çalışdıqları bir zamanda vaksinin zibilliyə atılması böyük cinayətdir. Bunu insanlarımız dərk etməli və peyvənd olunmalıdırlar”.
İslahat.az