05 Noyabr 2021
12:01
22144

Bakıda “Zəfər” sərgisi açıldı – FOTO

Bakıda Muzey Mərkəzində "Zəfər” adlı sərgi açılıb.

İslahat.az xəbər verir ki, sərgi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbəyə həsr olunub.

Sərgidə Azərbaycanın məşhur rəssamlarının, sənət ustalarının Zəfərimizə ithaf etdikləri 100-dən çox rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət əsərləri təqdim olunub.

Ekspozisiyada Azərbaycanın Xalq rəssamları - Səlhab Məmmədov, Fərhad Xəlilov, Arif Hüseynov, Siruz Mirzəzadə ilə yanaşı, gənc nəslin də dəyərli fırça ustalarının Qarabağa və Zəfər gününə həsr etdikləri bir-birindən maraqlı əsərləri nümayiş olunur.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın hazırda ən möhtəşəm və qürurverici tarixini yaşadığını qeyd edib və sənət nümunələrinin gənc nəslin maariflənməsində, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyətini vurğulayıb.  

Qeyd edək ki, Muzey Mərkəzində təşkil edilən "Zəfər” sərgisi noyabr ayının 10-dək davam edəcəkdir. Giriş sərbəstdir.

İslahat.az