23 İyul 2019
16:36
447

Bakıda qadını vuran sürücü cərimələnməyəcək - Günahkar piyada imiş

Bakıda piyada xəttindən keçən qadını maşınla vuran sürücü cərimələnməyəcək.

İslahat.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hadisə barədə ilkin araşdırma aparılıb:

"Həmin yerdə piyada keçidi işıqforla tənzimlənir. Görüntülərdə olan xanım nəqliyyat vasitələrinə yaşıl işıq yandığı vaxt piyada keçidinə daxil olur və yolu keçmək istəyir. Avtomobil sürücüsünün tapılması və izahatının alınması planlaşdırılır.

Burada xanım inzibatı xəta tərkibi yaradıb. Buna görə də sürücü cərimə olunmayacaq”.

Vaqif Əsədov qeyd edib ki, hamı tələblərə uyğun şəkildə hərəkət etməlidir:

"Yol hərəkəti haqqında” qanun hərəkəti tənzimləmək və təhlükəsizliyi təmin etmək üçündür. Hamı bu tələbləri bilməli və əməl etməlidir”.

Qeyd edək ki, Bakıda piyada keçidi qaydalarını pozan sürücünün görüntüləri yayılıb. "Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq, hərəkəti davam etdirib və keçiddən keçən qadını vurub. Qadının son anda dayanması onu ölümdən xilas edib.
 
İslahat.az