04 Oktyabr 2018
15:19
1322

Bakıda keçiriləcək bal yarmarkasında narazılıqlar yaranıb - FOTOLAR

5 oktyabr tarixindən start götürəcək bal yarmarkasında iştirak edəcək arıçılarda narazılıqlar yaranıb.

İslahat.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Kənd Təssərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən bal yarmarkasında Azərbaycanın regionlarından gələn arıçılar problemlərlə üzləşiblər. Redaksiyamıza daxil olan müraciətdə qeyd edilir ki, bal yarmarkasında iştirak edən şəxslərin hər birisindən 200 AZN dəyərində iştirak haqqı alıblar. Həmçinin, hər balın kilosunu 5 AZN-dən almağı təklif ediblər. Bu gün isə gətirilən bal çəlləklərinin sayından asılı olmayaraq yalnız 1 çəlləyin sərgi və satış üçün yararlı olduğunu deyiblər. Arıçılar isə bütün çəlləklərini və 200 AZN ödənişlərini geri tələb edirlər. Bal yarmarkasının iştirakçıları aidiyyatı qurumların qarşısında toplaşmaq niyyətindədirlər. Hazırda, arıçılar Tofiq Bəhramov Respublika Stadionunun qarşısındadılar. Yaranmış narazılıqnan bağlı Azərbaycan Respublikasının Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı ilə əlaqə saxladıq. Nazirliyin əməkdaşından bizə verilən məlumata görə yarmarkada iştirak edəcək ballar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laborotoriyada yoxlanılacaq. Əməkdaşımız Qida Təhlükəsizlik Agentliyi ilə əlaqə saxladı və Agentlikdən bildirildi ki, hazırda iclas gedir. Yaranmış situasiya ilə bağlı yenidən Agentliklə əlaqə saxlamağımızı bildirdilər. İslahat.az xəbər protalı olaraq, Azərbaycan Respublikasının Kənd Təssərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin və digər aidiyyatı qurumların rəsmi açıqlamalarını dərc etməyə hazırıq.

Qeyd edək ki, Oktyabrın 5-28-də Bakıda Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası "Arıçılıq haqqında" qanuna uyğun olaraq təşkil edilir. Bunun üçün Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında ("A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) yer ayrılıb.

Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-na qədər yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr

Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr

Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr

Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr

Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr

Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr

Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr

Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.

 

Mövzumuz aktual olaraq qalır.

 
İslahat.az